Advert
Advert

Qüdrət Həsənquliyev: İran üçün böyük şans yaranıb

Tarix:
Qüdrət Həsənquliyev: İran üçün böyük şans yaranıb
Reklam

“Sivil dünya böyük həyəcanla hadisələrin gedişini izləyirdi. Prezident Donald Tramp hədələrini gerçəkləşdirib İranın energetika sisteminə zərbə endirsəydi, bu, XXI əsrin ən böyük humantar fəlakətinə yol açacaqdı”.

Reyting.az xəbər verir ki, bu sözləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev İranla ABŞ arasında əldə olunmuş iki həftəlik atəşkəslə bağlı partiyanın mətbuat xidmətinin sorğusuna cavabında deyib.

Q. Həsənquliyev bildirib ki, Azərbaycan həmişə münaqişənin diplomatik yolla həllinin tərəfdarıdır: “Pakistana və Çinə də atəşkəsin əldə olunmasına verdikləri töhfəyə görə hər kəs minnətdar olmalıdır. Yaranmış vəziyyət İran üçün böyük bir şansdır ki, İsrail və ABŞ ilə barışsın, yarım əsrlik düşmənçiliyə son qoyulsun, regiona davamlı sülh gəlsin, İrana tətbiq olunmuş sanksiyalar aradan qaldırılsın”. 

Partiya sədri qeyd edib ki, İran münbit torpaqlara və böyük təbii sərvətlərə malik ölkədir. Əgər daxildə islahatlar aparılsa, ölkənin gəlirləri silahlanmaya və xaricdə proksi silahlı qüvvələrin saxlanmasına yox, iqtisadiyyata və sosial problemlərin həllinə yönəldilsə, korrupsiyaya qarşı mübarizə gücləndirilsə, iqtisadiyyatda proteksionizmə son qoyulsa, real rəqabət mühiti yaradılsa, qanunun aliliyi təmin edilsə, daxili azadlıqlar genişləndirilsə, İran qısa dövr ərzində regionun və bəlkə də dünyanın ən azad və güclü dövlətlərindən birinə çevrilər. 

Həsənquliyev ümid edir ki, sülh səyləri müsbət nəticələr verəcək, İranın yeni rəhbərliyinin aparacağı islahatların nəticəsi olaraq, İran dünyanın ən sivil, sülhpərvər ölkələrindən birinə çevriləcək.

Y. Qacar
 

Reklam