Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Nazirlikdən Reyting.az-a verilən məlumata görə, hadisə yerinə dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb edilib.
Əməliyyat şəraiti qiymətləndirilərkən, qazıntı işləri aparılan zaman torpaq qatının çökdüyü və iki nəfərin torpaq qatının altında qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə əməliyyatı nəticəsində bir nəfər (kişi cinsli) xilas edilib, bir nəfərin (kişi cinsli) meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
