Cənubi Koreyalı alimlər düyü əsaslı xüsusi kağızdan istifadə etməklə köhnəlmiş və istismar müddəti başa çatmış elektron avadanlıqlardan qızıl çıxarmağın yeni üsulunu hazırlayıblar.
Reyting.az-ın məlumatına görə, tədqiqatçılar bildiriblər ki, prosesin ilk mərhələsində xüsusi emaldan keçirilmiş kağız qızıl ionlarını özündə toplayır. Daha sonra həmin ionlar nanohissəciklərə çevrilir. Yeni metod elektron tullantılardakı qızılın 98 faizədək hissəsinin bərpa olunmasına imkan verir.

Alimlərin sözlərinə görə, bu üsul həm ekoloji, həm də iqtisadi baxımdan daha sərfəlidir və əhəmiyyətli maliyyə qənaəti yaradır.
Mütəxəssislər qeyd edirlər ki, dünyada hər il milyonlarla ton elektron tullantı yaranır. Bu tullantıların tərkibində qızıl, litium və kobalt kimi qiymətli metallar mövcuddur. Alimlər vurğulayırlar ki, yeni texnologiya qızılın və digər qiymətli resursların tullantılardan daha səmərəli şəkildə geri qaytarılmasına mühüm töhfə verə bilər.
Oqtay Qorçu