Advert
Advert

"Qiyamət buzlağı" altı ölkə üçün təhlükəyə çevrilib

Tarix:
Reklam

Alimlər "Qiyamət buzlağı" adlandırılan Tveyts buzlağı ilə bağlı olduqca narahatedici proqnozlar irəli sürüblər. Mütəxəssislərin bildirdiyinə görə, Antarktidada yerləşən və dünyanın ən böyük buz kütlələrindən biri hesab olunan Tveyts buzlağının qoparaq əriməsi böyük fəlakətlərə səbəb ola bilər.

Reyting.az "Daily Express" nəşrinə istinadən xəbər verir ki, alimlərin fikrincə, bu buzlağın əriməsi bir sıra ölkələr üçün çox ciddi nəticələr doğura bilər.

Qeyd olunur ki, nəhəng buzlağın əriməsi nəticəsində dəniz səviyyəsi yüksələcək. Bu isə ABŞ, Böyük Britaniya, Niderland, Banqladeş, Tuvalu və Maldiv adaları üçün ciddi təhlükə yaradacaq. 

Alimlərin qənaətinə görə, "Qiyamət buzlağı" uzun müddət passiv qala və ya gözlənilmədən sürətlə qoparaq əriyə bilər. Lakin hər iki halda təhlükə qalmaqdadır.

Məlumata görə, bu böyük buz kütləsinin əriməsi nəticəsində bəzi ölkələr, şəhərlər və hətta bütöv adalar ciddi daşqın riski ilə üzləşəcək.

Təxminən 192 min kvadratkilometr sahəni əhatə edən Tveyts buzlağı Qərbi Antarktida buz örtüyünün ən vacib hissələrindən biridir. Alimlər hesab edirlər ki, bu buzlaq bölgədəki digər buz kütlələrinin sabitliyini qoruyan əsas maneələrdən biridir. Onun qoparaq əriməsi halında böyük fəlakətin qarşısını almaq mümkün olmayacaq.

Tədqiqatçıların sözlərinə görə, buzlağın dağılması Qərbi Antarktidada buz örtüyünün böyük hissəsinin çökməsinə səbəb ola bilər. Nəticədə dünya okeanında suyun səviyyəsi təxminən 3,3 metr yüksələ bilər.

Mütəxəssislər bildirirlər ki, Antarktidadakı sahil buzlaqlarının 70 faizindən çoxu hazırda sabit vəziyyətdədir və real təhlükə mənbəyi hesab edilmir.

Oqtay Qorçu
 

Reklam