Uzun illərdir Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən “Tibbi Texnika Konsorsiumu”nun ofisinin yerləşdiyi binaya mayın 19-da qəfil basqın edilib. Rəhbərliyə və əməkdaşlara əvvəlcədən məlumat verilmədən binaya daxil olan maskalı silahlılar, eləcə də iri çəkic və külünglə təchiz edilmiş şəxslər ofisdə genişmiqyaslı axtarış aparıblar.
Reyting.az xəbər verir ki, hadisə ilə bağlı ilk məlumatı “Moskovskiy Komsomolets” nəşrinin maliyyə direktoru Yekaterina Çereşnikova yayıb.
Çereşnikovanın sözlərinə görə, binaya daxil olan şəxslər özlərini əməkdaşlara təqdim etməkdən və hər hansı sənəd göstərməkdən imtina ediblər. Onlar əməliyyatın səbəbi barədə də məlumat verməyiblər. Baş verənlərlə bağlı ofisin müraciətini cavablandıran hüquq-mühafizə orqanları isə mayın 19-da həmin binada hər hansı əməliyyat keçirildiyini təsdiqləməyiblər.
Qeyd olunur ki, silahlı şəxslər birbaşa binanın üçüncü mərtəbəsində yerləşən “Tibbi Texnika Konsorsiumu”nun ofisinə daxil olub, əməkdaşları qorxudaraq axtarışa başlayıblar.
“Tibbi Texnika Konsorsiumu” 2020-ci ildə Rusiya Sənaye və Ticarət Nazirliyinin təşəbbüsü ilə yaradılıb. Təşkilatın əsas fəaliyyət istiqaməti tibbi avadanlıq istehsalının lokallaşdırılmasıdır.
Rusiya mətbuatı yazır ki, konsorsium 2025-ci ildə Rusiya Prezidenti Vladimir Putinin qızı Katerina ilə əlaqəli olduğu bildirilən “İnnovasiya Mühəndislik Mərkəzi” ilə sıx əməkdaşlıq edib.
Həmin il tərəflərin iştirakı və Seçenov Universitetinin tamhüquqlu tərəfdaşlığı ilə “İnnovasiya Mühəndislik Mərkəzi” və “Tibbi Texnika Konsorsiumu” Rusiyada tibbi sənaye klasterinin yaradılması barədə saziş imzalayıblar.
Oqtay Qorçu