“İrana qarşı müharibənin iki həftəlik dayandırılması müsbət hadisədir. Bu prosesdə Pakistanın rolunu xüsusi qeyd etmək lazımdır. Əslində, bu müharibədə qalib tərəf yoxdur. Hər iki tərəf üçün pat vəziyyəti yaranmışdı”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında professor Cümşüd Nuriyev ABŞ ilə İran arasında əldə olunan iki həftəlik atəşkəs razılaşmasını şərh edərkən deyib.
C. Nuriyevin fikrincə, müasir silahlara malik olan ABŞ-ın İran üzərində üstünlük qazandığını demək hələ tezdir:
“Hərbi məsələni bir kənara qoysaq, ABŞ ideoloji-siyasi baxımdan da heç nə qazanmadı, əksinə, itirdi. İran isə müqavimət göstərə bildi. Üstəlik, İranda mollalar daxili təbliğatı effektiv şəkildə apardılar, xüsusilə Mehdi əl-Zamanın zühuru məsələsini gündəmə gətirdilər, axirət mövzusundan istifadə etdilər, dünyanın sonunun yaxınlaşdığını vurğulayaraq insanları birliyə çağırdılar. Eyni zamanda, üç səmavi dindən ikisinin onlara qarşı çıxması tezisindən də yararlandılar”.
Professor əlavə edib ki, hazırda tərəflər arasında danışıqların aparılması ABŞ prezidenti Donald Trampın mövcud vəziyyətdən çıxmaq cəhdidir. Onun sözlərinə görə, peşəkar siyasətçi olmayan Tramp üzləşdiyi çətin vəziyyətdən çıxmağa çalışır.
“Bu prosesdə Pakistan mühüm rol oynayır. Danışıqların İslamabadda keçirilməsi planlaşdırılır. Pakistan müharibənin davam etməsini istəmir və bunun qarşısını almaq üçün səylər göstərir. İran isə on tələb irəli sürüb, lakin bu tələblərin qəbul ediləcəyinə inanmıram. Məsələn, İranın zənginləşdirdiyi uran məsələsi var və buna milyardlarla vəsait xərclənib. Bu səbəbdən İranın həmin urandan imtina edəcəyini gözləmək doğru deyil. ABŞ-ın isə bununla razılaşması mümkünsüz görünür”, - deyə Nuriyev bildirib.
O qeyd edib ki, vəziyyət hələ də gərgindir və danışıqlardan ciddi nəticə gözlənilmir. Bununla belə, tərəflər üçün müharibənin yenidən başlaması da sərfəli deyil.
Müsahib əlavə edib ki, adətən müharibələrdə məğlub tərəf olduqda proseslər daha sürətli və asan irəliləyir: “Ancaq burada məğlub tərəf yoxdur. Hər iki tərəf özünü qalib hesab edir və qarşılıqlı şərtlər irəli sürür. Üstəlik, bu prosesdə üçüncü tərəf - İsrail də iştirak edir. Bu ölkə sülhün əldə olunmamasında maraqlıdır. Mənim ehtimalıma görə, ABŞ-İran danışıqları nəticəsiz başa çata bilər”.
Nemət Orucov
Reyting.az