Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətinə ölkə vətəndaşlarının münasibəti öyrənilib. Medianın İnkişafı Agentliyinin 20-30 may 2026-cı ildə üzbəüz müsahibə üsulu ilə keçirdiyi sorğuda yaşı 18 və yuxarı olan 1210 respondent iştirak edib. Sorğunun nəticələrinə əsasən, iştirakçıların 93,6 faizi Prezident İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirib.
Reyting.az-ın məlumatına görə, sorğu göstərir ki, respondentlərin Prezident İlham Əliyevə etimad səviyyəsi ümumilikdə 87,7 faiz təşkil edir. Bu, ölkədə hər 10 nəfərdən təxminən 9-nun dövlət başçısına etimad göstərdiyini nümayiş etdirir və onun siyasi liderliyinə, həyata keçirdiyi strateji siyasətə ictimai dəstəyin yüksək səviyyədə olduğunu təsdiqləyir.
Nəticələrin təhlilinə görə, dövlət başçısına yüksək etimadın formalaşmasında onun siyasi fəaliyyəti, ölkədə sabitliyin qorunması, milli maraqların ardıcıl müdafiəsi və Azərbaycanın beynəlxalq mövqeyinin gücləndirilməsi mühüm rol oynayır.

Prezident İlham Əliyevin fəaliyyətinə verilən yüksək qiymətin əsas səbəblərindən birinin onun dövlət və milli maraqları daim üstün tutması ilə bağlıdır. Son illərdə həyata keçirilən siyasət Azərbaycanın milli maraqlarının beynəlxalq platformalarda qətiyyətlə müdafiəsinə, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə və ölkənin strateji mövqeyinin güclənməsinə xidmət edib. Cəmiyyətin geniş təbəqələri də məhz bu prinsipial mövqeyi dövlət başçısının fəaliyyətində əsas üstünlüklərdən biri kimi qiymətləndirir.
Prezidentin fəaliyyətinə yüksək dəstəyin digər mühüm səbəbi onun xalqla dövlət arasında etibarlı münasibət formalaşdırmasıdır. Dövlət başçısı dəfələrlə çıxışlarında siyasi fəaliyyətinin əsas dayağının Azərbaycan xalqının iradəsi və dəstəyi olduğunu vurğulayıb. Həyata keçirilən sosial-iqtisadi layihələr, regionların inkişafı, vətəndaş rifahının yüksəldilməsinə yönəlmiş proqramlar cəmiyyətlə hakimiyyət arasında qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verib. Sorğuda qeydə alınan yüksək göstəricilər də bu ictimai etimadın bariz ifadəsi kimi dəyərləndirilə bilər.

Respondentlərin müsbət münasibətini şərtləndirən əsas amillərdən biri də Prezident İlham Əliyevin qətiyyətli lider kimi qəbul edilməsidir. Onun daxili və xarici siyasətdə ardıcıl, prinsipial mövqe nümayiş etdirməsi, mürəkkəb geosiyasi proseslər fonunda milli maraqları müdafiə etməsi ölkə daxilində və beynəlxalq müstəvidə nüfuzunu artıran mühüm amillər sırasındadır. Azərbaycanın müxtəlif beynəlxalq platformalarda fəal iştirakı, təşəbbüsləri və etibarlı tərəfdaş kimi mövqeyi də bu liderlik modelinin nəticəsi kimi qiymətləndirilir.
Son illərdə Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti kimi mövqeyini daha da gücləndirib. Müstəqil xarici siyasət kursu, beynəlxalq əməkdaşlıq layihələrində fəal iştirak, enerji və nəqliyyat sahəsində reallaşdırılan iri layihələr ölkənin regional və qlobal əhəmiyyətini artırıb. Azərbaycanın beynəlxalq münasibətlər sistemində söz sahibi olan dövlətə çevrilməsi, milli maraqlara əsaslanan müstəqil siyasət yürütməsi və artan beynəlxalq nüfuzu da ictimai rəyə təsir göstərən əsas amillərdən biri kimi çıxış edir.

Sorğunun nəticələrinin formalaşmasına təsir edən ən mühüm amillərdən biri də Azərbaycanın əldə etdiyi tarixi uğurlardır. 44 günlük Vətən müharibəsində qazanılan Qələbə nəticəsində ölkənin ərazi bütövlüyünün təmin olunması, sonrakı mərhələdə isə tam dövlət suverenliyinin bərpası müasir Azərbaycan tarixinin ən mühüm hadisələri sırasında yer alır. Bu proseslər dövlət başçısının siyasi iradəsi, qəbul etdiyi strateji qərarlar və həyata keçirdiyi ardıcıl siyasətlə əlaqələndirilir. Məhz buna görə də cəmiyyətin əhəmiyyətli hissəsi Prezident İlham Əliyevin fəaliyyətini ölkənin milli maraqlarının təmin olunması və dövlətçilik mövqelərinin möhkəmləndirilməsi baxımından yüksək qiymətləndirir.
Beləliklə, sorğunun nəticələri göstərir ki, Prezident İlham Əliyevin fəaliyyətinə verilən yüksək qiymət və ona olan etimad təkcə cari siyasi proseslərlə deyil, həm də milli maraqların qorunması, daxili sabitliyin təmin edilməsi, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi, regional liderliyinin möhkəmlənməsi və ölkənin ərazi bütövlüyü ilə suverenliyinin bərpası kimi amillərlə əlaqələndirilir. Bu göstəricilər cəmiyyətdə dövlət başçısının həyata keçirdiyi siyasi kursa geniş ictimai dəstəyin mövcud olduğunu nümayiş etdirir.
E. Kamal