Ukraynanın dron texnologiyasına çıxış müqabilində Polşanın "MiQ-29" qırıcı təyyarələrini Kiyevə təhvil verməsi ilə bağlı danışıqlar bir neçə ay davam etsə də, razılaşma baş tutmayıb.
Reyting.az xəbər verir ki, Polşa Ukraynanın vəd etdiyi dron texnologiyasını təqdim etmədiyini bildirir. Rəsmi Varşava eyni zamanda Ukraynanın Küveytə dron satmasını da xatırladır.
Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamışın sözlərinə görə, Varşava "MiQ-29" qırıcılarının Ukraynaya verilməsinə prinsip etibarilə hazır idi. Lakin bu, Ukraynanın dron istehsalı texnologiyasını Polşa ilə bölüşməsi şərti ilə nəzərdə tutulurdu.
Nazir bildirib ki, tərəflər əvvəlcə bu mexanizm üzərində razılığa gəlsələr də, sonradan Kiyev öhdəliyini yerinə yetirməyib.
"Əvvəlcə onlar bu həll yolu ilə razılaşmışdılar, lakin indi artıq razılaşmanı yerinə yetirmirlər", - deyə Kosinyak-Kamış bildirib.
Məlumata görə, Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından sonra Polşa Kiyevin ən fəal tərəfdaşlarından biri olub. Ölkə həm hərbi yardım göstərib, həm də Qərb silahlarının Ukraynaya çatdırılması üçün əsas logistika mərkəzi rolunu oynayıb.
Bununla yanaşı, iki ölkə arasında münasibətlər son illərdə tarixi məsələlər və Ukrayna kənd təsərrüfatı məhsullarının Polşaya idxalı ilə bağlı fikir ayrılıqları səbəbindən vaxtaşırı gərginləşib.
Kosinyak-Kamış bildirib ki, əgər Ukrayna müharibə şəraitində belə Küveytə dron ixrac edə və bundan gəlir əldə edə bilirsə, o zaman ona hərbi texnika verən müttəfiqləri ilə də texnologiya sahəsində əməkdaşlıq etməlidir.
"Əgər Ukrayna artıq Küveytə dron sata və müharibə dövründə bundan gəlir əldə edə bilirsə, o zaman ona hərbi texnika təqdim edən ölkələrə təşəkkür əlaməti olaraq, heç olmasa, öz texnoloji imkanlarını bölüşə bilər", - deyə nazir vurğulayıb.
N. Orucov