Advert
Advert

Politoloq: S7+ təşəbbüsü Asiyada böyük dəyişikliyə səbəb ola bilər

Tarix:
Politoloq: S7+ təşəbbüsü Asiyada böyük dəyişikliyə səbəb ola bilər
Reklam

Vaşinqton Mərkəzi və Cənubi Asiyanın iqtisadi mənzərəsini kökündən dəyişdirə biləcək yeni geosiyasi təşəbbüsünü həyata keçirməyə hazırlaşır. “Silk Seven Plus” (S7+) təşəbbüsü strateji ticarət və nəqliyyat əlaqələrini inkişaf etdirmək, regionun məhdud sayda xarici tərəfdaşlardan asılılığını azaltmaq, daha geniş inteqrasiya və qlobal bazarlara çıxış üçün imkan yaratmaq məqsədi daşıyır.

Reyting.az xəbər verir ki, bunu politoloq Xəqani Cəfərov bildirib.

X. Cəfərov qeyd edib ki, Vaşinqton S7+ (“İpək Yeddi Plus”) layihəsinə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və Əfqanıstanı dəvət etməyi planlaşdırır. Pakistanın da bu layihəyə qoşulacağı gözlənilir.

Politoloqun sözlərinə görə, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta bildirib ki, Vaşinqtonun Mərkəzi Asiyaya yeni yanaşmaya ehtiyacı var:

“Biz eyni köhnə üsullarla fəaliyyət göstərməyə davam edə bilmərik. S7+ təşəbbüsü bu zəruri dəyişikliyin bir hissəsidir”.

X. Cəfərovun fikrincə, “New Lines Strategiya və Siyasət İnstitutu” tərəfindən hazırlanmış S7+ layihəsi dənizə çıxışı olmayan Mərkəzi Asiya ölkələrinin ticarət potensialını məhdudlaşdıran amilləri aradan qaldırmağı, eləcə də regionun Çin və Rusiyadan asılılığını azaltmağı hədəfləyir.

Politoloq əlavə edib:

“Silk Seven Plus” layihəsinin təqdimatı yaxın vaxtlarda Konqresdə qanunvericilərin və ekspertlərin iştirakı ilə keçiriləcək. Vaşinqtondakı təqdimatdan sonra S7+ layihəsinin London və Brüssel də daxil olmaqla, Avropa paytaxtlarında təqdim olunması planlaşdırılır.

“New Lines Strategiya və Siyasət İnstitutu”nun S7+ layihəsi “Xəzər asayişi” alyansının yaradılması yolunda mühüm təşəbbüs, hətta başlanğıcdır. Belə demək olar ki, Vaşinqton yaxın vaxtlarda “Xəzər asayişi” alyansının formalaşdırılmasına başlayacaq.

Mərkəzi və Cənubi Asiyanın iqtisadi mənzərəsini kökündən dəyişdirə biləcək bu layihənin hərbi-siyasi çətir olmadan gözlənilən nəticəni verməyəcəyini Vaşinqtonda yaxşı anlayırlar. Sadəcə olaraq, İran və Yaxın Şərqdə baş verən proseslər “Xəzər asayişi” alyansının yaradılmasını ləngidir. Lakin zamanın tələbi, güclü iqtisadi və ticarət əsaslarına malik bu alyansın yaranmasını zəruri edir.

Belə geniş coğrafiyanın bu günü və gələcəyi müəyyənləşdirilərkən, Antalya Diplomatiya Forumu (ADF-2026) kimi siyasi və diplomatik nəticəsi olmayan tədbirlərə vaxt itirmək düzgün deyil. Zaman bizdən Azərbaycan və Mərkəzi Asiyanın siyasi, iqtisadi və hərbi təhlükəsizliyini təmin edəcək “Xəzər asayişi” alyansının yaradılması üçün möhkəm təməllərin hazırlanmasını tələb edir”.
 

Reklam