Ermənistanın Baş naziri Nikol Paşinyan seçkilərdən sonra müxalifətin nəzarətində olan Gümrüdə hakimiyyət dəyişikliyinə nail olmaq niyyətindədir.
Reyting.az-ın məlumatına görə, N. Paşinyan ölkənin ikinci ən böyük şəhəri Gümrüdə keçirilən seçki kampaniyası zamanı deyib ki, şəhərin Ağsaqqallar Şurasına erkən seçkilər keçirmək və 7 iyun parlament seçkilərindən sonra yerli hökuməti dəyişdirmək lazımdır.
“7 iyun seçkilərindən sonra zorakı olmayan “məxməri inqilab” arxamızdakı binaya (Gümrü Şəhər Bələdiyyəsin nəzərdə tutub - red.) çatmalıdır. Biz, Gümrüdə, Gümrü xalqı ilə birlikdə Ağsaqqallar Şurasına erkən seçkilər keçirməli və demokratik hökumət qurmalıyıq”, - deyə Paşinyan bəyan edib.
Onun sözlərinə görə, 2018-ci ilin "məxməri inqilabı"ndan sonra Gümrüdəki hakimiyyətin tamamilə fərqli bir gündəliyi olub: onların məqsədi sakinləri hökumətlə üz-üzə qoymaq, xalq arasında hökumətə qarşı məyusluq yaratmaq və hökuməti "şəhərdə hər şeyin lazım olduğu kimi getdiyinə" inandırmaq idi.
"Amma indi başa düşürəm ki, Gümriyə böyük borcumuz var. Bu gün bəyan edirəm ki, bu andan etibarən davam edən proseslər, Gümrinin rifahı və yenidən qurulması üçün şəxsi məsuliyyət daşıyıram", - deyə Paşinyan bildirib.
Xatırladaq ki, 2025-ci ilin mart ayında Gümrü Ağsaqqallar Şurasına keçirilən seçkilərdən sonra müxalifət qüvvələri koalisiya yaratmış və Ermənistan Kommunist Partiyasının bir nömrəli namizədi Vardan Qukasyan mer seçilmişdi. Onun seçilməsi dəfələrlə Paşinyan tərəfindən tənqid edilmiş və o, "bu məsələnin həll edilməsinin" vacibliyini vurğulmışdı.
20 oktyabr 2025-ci ildə təhlükəsizlik qüvvələri Gümrü şəhər meriyasında axtarış aparmış, daha sonra Korrupsiyaya Qarşı Mübarizə Komitəsi rüşvət istintaqı çərçivəsində Qukasyanın da daxil olduğu səkkiz şəxsin həbs olunduğunu bildirmişdi. Məhkəmə qərarı ilə Qukasyanın barəsində həbs qətimkan tədbiri seçilmişdi.
E. Kamal