"Azərbaycan və Türkiyəni birləşdirən elektrik ötürücü xətlərinin çəkilişi Ermənistanın enerji təhlükəsizliyinə töhfə verəcək".
Reyting.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə birgə mətbuat konfransında bildirib.
Ermənistan hökuməti başçısının qeyd etdiyi kimi, "Sülh Yolları" layihəsinin həyata keçirilməsi və kommunikasiyaların açılması kontekstində nəqliyyat əlaqəsinin təmin edilməsi ilə yanaşı, Türkiyə və Azərbaycan da daxil olmaqla, enerji əlaqələrinin genişləndirilməsi çox vacibdir.
“Bu, həm enerji təhlükəsizliyinə, həm də yaşıl keçidə töhfə verə biləcək elektrik ötürücü xətlərinin və birləşdirici qurğuların tikintisinə aiddir”, - deyə Paşinyan bildirib.
Öz növbəsində Ursula fon der Leyen hazırda güzəştli qiymətlərlə təchiz edilən Rusiya qazının potensial qiymət artımı ilə bağlı şərhində qeyd edib ki,məsələyə sistemli və çoxşaxəli yanaşma tələb olunur.
Bununla əlaqədar olaraq o, bildirib ki, gələn həftə bir qrup Aİ eksperti enerji təchizatının şaxələndirilməsi variantlarını araşdırmaq üçün Ermənistana gələcək. Avropa Komissiyasının sədri izah edib ki, Aİ bu məsələdə Ukrayna və Moldovanın təcrübəsindən istifadə edəcək.
Fon der Leyen deyib: "Biz enerji sistemləri arasında yeni qarşılıqlı əlaqə yolları açmaqla və daha güclü regional enerji şəbəkələri yaratmaqla regionun enerji təhlükəsizliyinə investisiya qoyuruq".
O, həmçinin qeyd edib ki, Aİ bərpa olunan enerjinin inkişafında Ermənistana dəstək verir(Report).