“PAŞA Bank”ın rəhbərliyində dəyişiklik baş verib.
Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, Məmmədov Şahin Çingiz oğlu bankın Müşahidə Şurasının sədri təyin edilib. O, bu vəzifədə Allahverdiyev Rövşən Şamil oğlunu əvəz edib.
Ş.Məmmədov bundan əvvəl bankın Müşahidə Şurasının üzvü kimi fəaliyyət göstərirdi.
Bundan əlavə, yeni təyinata əsasən, Səfərəli Nailə Nurəddin qızı bankın Müşahidə Şurasının yeni üzvü təyin olunub.
Qeyd edək ki, Məmmədov Şahin Çingiz oğlu 2009-cu ildə “PAŞA Bank”ın Maliyyə Departamentinin direktoru vəzifəsinə təyin olunub. 2011-ci ildə Baş Maliyyə İnzibatçısı (CFO) və İdarə Heyətinin üzvü vəzifələrini icra edib.
2013-cü ildə o, “PASHA Bank Georgia”nın İdarə Heyətinə daxil olub və biznesin inkişafı istiqamətinə kuratorluq edib. 2014-cü ilin iyul ayında isə “PAŞA Bank Gürcüstan”ın Baş icraçı direktoru və İdarə Heyətinin sədri təyin olunub.
2015-ci ilin mart ayından etibarən Şahin Məmmədov “PASHA Bank Türkiyə”nin İdarə Heyətinin üzvü olub. Bununla yanaşı, o, hazırda "Paşa Sığorta"da Direktorlar Şurasının üzvüdür/APA.