Avstraliya sahəsinə görə dünyanın altıncı ən böyük ölkəsi və ən kiçik materikdir. Bu ölkənin ərazisi təxminən 7,7 milyon kvadrat kilometrdir.
Reyting.az-ın məlumatına görə, Avstraliya əhalisinin sayı təxminən 27 milyona çatıb. Müqayisə üçün qeyd edək ki, İspaniyada 47,8 milyon, Almaniyada isə təxminən 83,6 milyon nəfər yaşayır.
"Worldometer" nəşrinin məlumatına görə, yeni infoqrafikanı hazırlayan müəlliflər Avstraliya ərazisində 25-dən çox ölkəni "yerləşdirə biliblər". Bu ölkələr arasında İspaniya, Almaniya, Böyük Britaniya, Fransa, Finlandiya, İsveç və İtaliya da var.
Müqayisə zamanı məlum olub ki, ümumilikdə Avropanın sahəsi (Rusiyanın Avropa hissəsi daxil olmaqla) təxminən 10 milyon kvadrat kilometrdir və üstəlik, belə böyük ərazinin 3,5 milyon kvadrat kilometri Rusiya Federasiyasının payına düşür. Yeni statistikada xüsusi qeyd olunub ki, Avropa İttifaqının payına düşən sahənin həcmi 4,2 milyon kvadrat kilometrdir.
Fransa Avropa İttifaqının ən böyük ölkəsi olsa da, onun materik hissəsi Avstraliyadan təxminən 14 dəfə kiçikdir. Böyük Britaniya Krallığı isə öz sahəsinə görə Avstraliyadan 30 dəfədən çox geri qalır.
Digər bir avropalı mütəxəssis isə zarafatla 27 milyona yaxın əhalisi olan Avstraliyanı "nəhənglərə vətən ola biləcək ölkə ərazisi" adlandırıb.
Oqtay QORÇU