Bu ilin ilk rübü ərzində dünyada əmək qabiliyyətli əhalinin 17,8 faizi ayda minimum 90 dəqiqə süni intellekt vasitələrindən istifadə edib.
Reyting.az xəbər verir ki, bu, "Microsoft" şirkətinin qiymətləndirməsində əksini tapıb.
2026-cı il üçün ölkələr üzrə süni intellektin tətbiqi xəritəsində qeyd olunur ki, siyahıya Birləşmiş Ərəb Əmirlikləri liderlik edir. Bu ölkədə tam əmək qabiliyyətli əhalinin 70 faizdən çoxu aktiv süni intellekt istifadəçisidir.
İkinci yerdə 63 faiz göstərici ilə Sinqapurdu.
ABŞ aparıcı süni intellekt şirkətlərinin mərkəzi olsa da, hətta ilk 20-liyə düşməyib.
ABŞ-la müqayisədə Norveç, İrlandiya, İspaniya, Fransa, Niderland və Avropa ölkələrində süni intellektdən istifadə səviyyəsi 40 faizi ötür. Ekspertlər bunu inkişaf etmiş rəqəmsal iqtisadiyyat və keyfiyyətli internet infrastrukturu ilə əlaqələndirirlər.
"Microsoft"un məlumatında qeyd olunur ki, Asiya süni intellektin çox sürətlə yayıldığı regionlardan birinə çevrilib və son dövrlər ərzində bu sahədə ən yüksək artım Cənubi Koreyada müşahidə olunub. Bu ölkədə 2025-ci ilin ilk yarısından 2026-cı ilin ilk rübünə qədər süni intellektdən istifadə 43,2 faizə qədər artıb.
Taylandda, Yaponiyada və Monqolustanda da son vaxtlar süni intellektdən istifadədə artım qeydə alınıb.
Çində süni intellektlə bağlı göstərici hələlik 16 faizdir. Lakin ölkədə əhali sayı nəzərə alınarsa, hətta kiçik artım belə Çində yüz milyonlarla yeni istifadəçi deməkdir.
Araşdırmaların yekununda vurğulanıb ki, süni intellektin tətbiq sürətindəki fərqlər yaxın onilliklər ərzində ölkələr arasında iqtisadi bərabərsizliyin əsas səbəblərindən birinə çevrilə bilər.

Oqtay Qorçu