Advert
Advert

Növbəti İran-ABŞ danışıqları da müsbət nəticə verməyə bilər

Tarix:
Növbəti İran-ABŞ danışıqları da müsbət nəticə verməyə bilər
Reklam

ABŞ-la İran arasında İslamabadda keçirilən görüş tərəflər arasında gərginliyin azaldılması üçün mühüm cəhd kimi qiymətləndirilsə də, müsbət sonluqla bitmədi. Hazırda ciddi fikir ayrılıqları davam edir və bu, konkret nəticələrin əldə olunmasını çətinləşdirir. Hətta bəzi ekspertlər müharibənin yenidən başlayacağını ehtimal edirlər. İran və ətraf ölkələrədə isə müharibə əleyhdarlarının sayı artır.

Professor Qabil Hüseynli “Reytinq” qəzetinə açıqlamasında deyib ki, Amerika xalqı da İranla müharibənin davam etməsini istəmir, bundan narazıdır. 

Professor bildirib ki, hətta bəzi konqresmenlər müharibəyə görə, prezident Trampa qarşı çıxışlar edir, onun impiçment məsələsini qaldırırlar. Yəni bu yolla prezidenti müharibədən çəkindirməyə çalışırlar. 

Q. Hüseynlinin fikrincə, D. Tramp  reallıqlarla barışan şəxsdir: “O, siyasətdə böyük təcrübəyə malik deyil, eləcə də müharibənin idarə edilməsində nöqsanlar mövcuddur. Müharibə olanda da hərbçilər önə çıxır. Bu, istər-istəməz sosial həyata, iqtisadiyyata təsir edir. Bu baxımdan dünyanın ən güclüsü olmasına baxmayaraq, Amerika da müharibədən əziyyət çəkir”.

Qabil Hüseynli
Müsahibimizin iddiasına görə, Amerikanı İranla müharibəyə İsrail sövq edib: “Bunu ABŞ-ın tanınmış simaları da deyirlər. Bildirirlər ki, Amerikanı İrana hücuma İsrail təşviq edib. Məncə, burada həqiqət var. Sözsüz ki, belə bir müharibənin başlamasına İran hakimiyyəti də müəyyən qədər imkan yaradıb”.

Professor bildirib ki, İranda da məsələ bir qədər qarışıqdır: “Prezidentin səlahiyyəti geniş deyil, görünən odur ki, müharibə bu səlahiyyəti bir qədər də daraldıb. Çünki ortaya digər qurumlar çıxıb. Hakimiyyət məsələsində sanki xaotik durum var, kimin səlahiyyətinin nə olduğu bilinmir. Diqqət edəndə görürük ki, SEPAH daxilində, İran Məclisində, habelə Dini Şurada olan farsəsilli fiqurlar sərt açıqlamalar verir, bir növ müharibəyə istiqamətlənirlər. Vurğu edirlər ki, niyə İsraildə nüvə silahı var, bizdə olmamalıdır? Yəni müharibəni müşahidə edən dünya əhalisinin xoşuna gəlməyəcək fikirlər səsləndirirlər. Bütün bunlara görə, insanlarda “bunları yerində oturtmaq lazımdır”,- fikri formalaşır və güclənir”.

Q. Hüseynli sonda əlavə edib ki, ABŞ və İran arasında növbəti danışıqlar olacaq və bunun müsbət sonluqla nəticələnməsi üçün tərəflər güzəştlərə getməlidirlər: 

“İran tərəfi dəyən zərərə görə konpensasiya tələb edir, ona qarşı sanksiyaların götürülməsini istəyir, Üstəlik, uranın zənginləşdirilməsi, zənginləşdirilən uranın ölkədən çıxarılması kimi məsələlərdən imtina edir, bunun onun haqqı olduğunu deyir. Amma bu, kompromis dilinə bənzəmir. Odur ki, mən, danışıqların müsbət nəticə verəcəyini gözləmirəm”.

Nemət Orucov
Reyting.az
 

Reklam