Gecə saatlarında İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp telefon danışığı olub. D. Tramp telefon danışığı zamanı İsrailin Livan da daxil olmaqla, bütün ərazilərdə mövcud təhdidlərə qarşı hərəkət etmək hüququnu bir daha təsdiqləyib.
Reyting.az xəbər verir ki, bu barədə məlumatı İsrailin Baş naziri “X” sosial səhifəsində paylaşıb.
Netanyahunun sözlərinə görə, Amerika lideri ilə söhbətinin əsas mövzusu İranın nüvə proqramı ilə bağlı yekun razılaşmaya nail olmaq üçün qarşıdan gələn danışıqlar olub. Bu müzakirə zamanı Tramp İsrailin bütün mövcud cəbhələrdə özünü istənilən xarici təhdidlərdən qorumaq üçün suveren hüququnu bir daha təsdiqləyib.
Baş nazir həmçinin qeyd edib ki, ABŞ və İsrail rəhbərliyinin Tehranla potensial razılaşmanın məcburi şərtləri ilə bağlı mövqeləri tamamilə üst-üstə düşür.
Netanyahu vurğulayıb ki, istənilən yekun sənəd İranın nüvə təhdidini tamamilə aradan qaldırmalıdır. İsrail lideri əsas məqamlar kimi İranın bütün uran zənginləşdirmə qurğularının məcburi şəkildə sökülməsini və zənginləşdirilmiş nüvə materiallarının İslam Respublikasından tamamilə çıxarılmasını göstərib.
E. Kamal