ABŞ Prezidenti Donald Trampın Albaniyanın müdafiə xərclərinin aşağı səviyyədə olmasına münasibəti səbəbindən NATO-nun 2027-ci ildə Tiranada keçirilməsi planlaşdırılan sammitinin taleyi qeyri-müəyyən qalır.
Reyting.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi NATO diplomatı, bir Avropa rəsmisi və məsələ ilə tanış olan üç mənbəyə istinadla məlumat yayıb.
Xatırladaq ki, 2027-ci il sammitinin Albaniyada keçiriləcəyi barədə qərar ötən il NATO-nun Haaqada keçirilən sammitindən sonra yayılmış yekun bəyanatda əksini tapmışdı. Həmin sənəddə həmçinin 2026-cı il sammitinin 7–8 iyul tarixlərində Ankarada keçiriləcəyi elan edilmişdi.
Lakin “Reuters”-in məlumatına əsasən, Ankara sammitinə hazırlıq sənədlərində 2027-ci il sammitinin keçiriləcəyi tarix və məkan barədə heç bir qeyd yoxdur.
Agentliyin yazdığına görə, bu məsələ Avropa ölkələrinin Ankara sammiti öncəsi Trampı müdafiə xərclərinin artırılması ilə bağlı öhdəliklərin yerinə yetirildiyinə inandırmağa çalışdığı, eyni zamanda onunla açıq qarşıdurmadan yayınmağa səy göstərdiyi dövrdə gündəmə gəlib.
Müzakirələrlə tanış mənbələrdən biri bildirib ki, Albaniyanın müdafiə xərclərinin səviyyəsi Trampın kəskin reaksiyasına səbəb ola bilər. Mənbənin sözlərinə görə, bu halda sammit ətrafında yaranacaq mübahisələr NATO üçün mənfi informasiya fonu formalaşdıra bilər.
Daha əvvəl xəbər verilmişdi ki, NATO alyansın hər il sammit keçirmək ənənəsinə yenidən baxmağı nəzərdən keçirir. İddiaya görə, bu təşəbbüs Trampın prezidentliyinin son illərində mümkün fikir ayrılıqlarını minimuma endirmək istəyi ilə əlaqələndirilir.
E. Kamal