Advert
Advert

Ən zəngin ölkələrin reytinq siyahısında dəyişiklik olub

Tarix:
Ən zəngin ölkələrin reytinq siyahısında dəyişiklik olub
Reklam

2026-cı ildə dünyanın ən zəngin ölkələrinin reytinq siyahısında dəyişikliklər baş verib. Beynəlxalq Valyuta Fondunun (BVF) yeni hesabatına görə, İrlandiya və Sinqapur mövqelərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb, Yaponiya isə nəzərəçarpacaq geriləmə ilə üzləşib.

Reyting.az xəbər verir ki, BVF-nin 2026-cı il üzrə hazırladığı proqnoza əsasən, son 25 ildə adambaşına düşən Ümumi Daxili Məhsulun (ÜDM) həcminə görə dünyanın ən zəngin ölkələrinin sıralanmasında ciddi dəyişikliklər qeydə alınıb.

Hesabatda xüsusilə vurğulanır ki, ən böyük yüksəliş İrlandiyada müşahidə olunub. Bu ölkə 2000-ci illə müqayisədə adambaşına düşən ÜDM-ni beş dəfədən çox artıraraq 14-cü pillədən 2-ci yerə yüksəlib.

Əhəmiyyətli irəliləyiş əldə edən Sinqapur isə 20-ci pillədən 5-ci yerə qalxıb. Hər iki ölkənin uğuru xarici investisiyaların cəlb edilməsi və yüksək texnologiyalar sektorunun sürətli inkişafı ilə əlaqələndirilir.

Ən diqqətçəkən geriləmə Yaponiyada qeydə alınıb. 2000-ci ildə yalnız Lüksemburqdan geri qalan Yaponiya 2026-cı ildə siyahıda 39-cu yerə düşüb.

Mütəxəssislər bunu əhalinin qocalması, işçi qüvvəsinin azalması, iqtisadi artımın zəifləməsi və Yaponiya valyutası olan yenin ABŞ dolları qarşısında dəyər itirməsi ilə izah edirlər.

2026-cı ilin reytinqində ilk 15 ölkədən 9-u Avropada yerləşir. Liderlər sırasında Lüksemburq, İrlandiya, Avstriya, İslandiya, İsveç, İsveçrə və Danimarka da yer alır.

Ekspertlər qeyd edirlər ki, adambaşına düşən ÜDM ölkənin iqtisadi fəaliyyətini qiymətləndirmək üçün vacib göstəricilərdən biri olsa da, əhalinin real rifah səviyyəsini tam əks etdirmir. Bu göstərici iqtisadi vəziyyətin qiymətləndirilməsi üçün istifadə olunan meyarlardan yalnız biridir.

Oqtay Qorçu
 

Reklam