ABŞ, Çin və Rusiya nüvə sualtı qayıqları və strateji imkanları sayəsində dünyanın ən güclü sualtı qüvvələrinə malik ölkələr hesab olunur.
Reyting.az xəbər verir ki, bu nəticə 2026-cı il üzrə qlobal sualtı donanmalarla bağlı hazırlanmış reytinq siyahısında əksini tapıb.
“Army Recognition” nəşrinin təhlilinə görə, artıq əsas meyarlar yalnız gəmilərin və şəxsi heyətin sayı deyil. Müasir texnologiyalar, gizlilik səviyyəsi və hərbi doktrinalara uyğun muxtariyyət daha böyük əhəmiyyət kəsb edir.
Qeyd olunur ki, ABŞ ən universal donanmaya malikdir və qlobal miqyasda əməliyyat aparmaq qabiliyyəti ilə seçilir.
Rusiyanın donanması isə daha çox “bastion müdafiəsi” və cavab zərbəsi strategiyasına üstünlük verir.
Çin donanması sürətlə inkişaf edərək regional gücdən qlobal okean qüvvəsinə çevrilməkdədir.
Yaponiya və Cənubi Koreya da inkişaf edən ölkələr sırasındadır və müasir qeyri-nüvə sualtı qayıqları ilə diqqət çəkir.
Siyahıda yer alan digər ölkələr - Fransa və Böyük Britaniya da azsaylı, lakin yüksək texnoloji imkanlara malik donanmaları ilə seçilir. Bu ölkələrin əsas hərbi gücü nüvə silahlarına əsaslanır.
Mütəxəssislərin fikrincə, Hindistan və Türkiyə də hərbi-dəniz sahəsində müasir texnologiyalara yönələrək strateji müstəqilliklərini artırmağa çalışırlar.
İran və KXDR say baxımından diqqət çəksə də, əsasən regional və asimmetrik strategiyalara üstünlük verirlər.
Ümumi nəticəyə görə, mümkün müharibə şəraitində üstünlük yalnız sayla müəyyən olunmayacaq. Ekspertlər bildirirlər ki, sualtı qarşıdurmalarda həlledici amil strateji yanaşma və müasir hərbi texnologiyalar olacaq.

Oqtay Qorçu