Advert
Advert

Mumiyalanmış tabutdan Homerin əsəri tapılıb

Tarix:
 Mumiyalanmış tabutdan Homerin əsəri tapılıb
Reklam

Misirin Minya vilayətində aparılan arxeoloji qazıntılar zamanı ağızlarında qızıldan "dil" amuletləri olan mumiyalar aşkar edilib. Tabutlardan birində antik yunan şairi Homerin müəllifi olduğu "İliada" poemasından bir fraqmentin köçürüldüyü papirus tapılıb.

Reyting.az xəbər verir ki, Barselona Universitetinin və Qədim Yaxın Şərq İnstitutunun təşkilatçılığı ilə yaradılan İspan ekspedisiyası El-Bahnasə şəhərinin yaxınlığında, qədim adı Oksirinx şəhəri olan ərazidə Roma dövrünə aid nekropolu tədqiq ediblər. Tapılan mumiyaların bəziləri naxışlı parçaya bükülü, bəziləri isə rəngli taxtadan hazırlanmış böyük sarkofaqlara yerləşdirilmiş vəziyyətdə olublar. 

Tədqiqatçılar qrupu bildirib ki, bəzi mumiyaların ağızlarında qızıl, eləcə də misdən düzəldilmiş dil formalı amuletlər, bir neçə mumiyada isə qızıl folqanın izləri aşkarlanıb. 

Ən diqqətçəkən tapıntı isə mumiyalardan birində yerləşdirilmiş qədim papirus olub. Arxeoloqlar və araşdırmaçı alimlər müəyyən ediblər ki, bu epik parça Homerin "İliada" əsərinin ikinci kitabından köçürülüb və "Gəmilərin siyahısı" adlı hissəsindəndir. 

Qazıntılar zamanı əhəngdaşı kameralardan ibarət kiçik hissə, kremasiya olunmuş insan qalıqları və pişik sümükləri olan qablar, eləcə də terrakota, həmçinin bürünc heykəlciklər tapılıb. Alimlərin sözlərinə görə, ümumiyyətlə, qədim Roma dövrü Misirində bu cür kremasiya nadir hal sayıla bilərdi. 

Turizm və qədim abidələr naziri Şərif Fəthi bu tapıntını Misirin çox qədim tarixi irsinin mühüm göstəricisi kimi qiymətləndirib.

Oqtay Qorçu
 

Reklam