Rusiya və Çin ABŞ-ın Kubanın keçmiş prezidenti Raul Castro barəsində irəli sürdüyü ittihamları pisləyiblər.
Reyting.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi Vaşinqtonu Kubaya qarşı “təzyiq” və “təhdid siyasəti”ni dayandırmağa çağırıb. Kremlin sözçüsü Dmitri Peskov isə Havanaya qarşı atılan addımların “zorakılıq həddinə çatdığını” bildirib.
ABŞ Raul Kastronu 1996-cı ildə iki təyyarənin vurulması ilə bağlı ittiham edir. Həmin hadisə nəticəsində dörd nəfər həlak olmuş və bu, Vaşinqtonla Havana arasında ciddi diplomatik gərginliklə nəticələnmişdi.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp uzun müddətdir Kubaya qarşı sərt siyasət yürüdür və kommunist hakimiyyətinə təzyiqləri artırmağa çalışır.
Vaşinqtonun tətbiq etdiyi yeni sanksiyalar və neft daşımalarına qoyduğu məhdudiyyətlər Kubada yanacaq böhranını daha da dərinləşdirib. Bu isə ölkədə uzunmüddətli elektrik kəsintilərinə və ərzaq çatışmazlığına səbəb olub.
Dmitri Peskov Rusiya dövlət mediasına açıqlamasında bildirib ki, ABŞ-ın Rusiyanın uzunmüddətli müttəfiqi olan Kubaya qarşı təzyiq kampaniyası, o cümlədən Raul Kastroya qarşı ittihamlar “heç bir halda qəbul edilə bilməz”.
“Biz hesab edirik ki, zorakılıq elementləri daşıyan bu cür üsullardan nə keçmiş, nə də hazırkı dövlət rəhbərlərinə qarşı istifadə olunmalıdır”, - deyə o vurğulayıb.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü isə ABŞ-ın “hər addımda güc tətbiqi ilə hədələməkdən” əl çəkməli olduğunu bildirib və Pekinin Kubaya qətiyyətli dəstəyini ifadə edib.
Onun sözlərinə görə, Çin “xarici qüvvələrin istənilən bəhanə ilə Kubaya təzyiq göstərmək cəhdlərinə” qarşı çıxır.
Onu da qeyd edək R. Kastro çərşənbə günü daha beş nəfərlə birlikdə Kuba ilə Florida arasında uçan iki təyyarənin vurulmasında iştirak etməkdə ittiham olunub. ABŞ qanunvericiliyinə əsasən, bu ittihamlar ömürlük həbs və ya ölüm cəzasına səbəb ola bilər.
Təyyarələr Kuba-Amerika müxalif təşkilatı olan “Brothers to the Rescue” tərəfindən idarə olunurdu. Hadisə zamanı göyərtədə olan üç ABŞ vətəndaşı həlak olmuşdu.
Həmin dövrdə R. Kastro Kuba Silahlı Qüvvələrinin komandanı idi. Hadisə ABŞ-da yaşayan kubalı mühacirlər arasında ciddi narazılıq yaratmış və uzun illərdir Vaşinqton-Havana münasibətlərində mübahisə mövzusu olaraq qalır.
E. Kamal