Mars planetinin səthində fəaliyyət göstərən “Curiosity rover” planlaşdırılmış marşrutdan kənara çıxaraq qeyri-adi qaya sahəsinin görüntülərini qeydə alıb. Bu sahə görünüşünə görə nəhəng bir canlıya məxsus pulcuqları xatırlatdığından alimlərin diqqətini cəlb edib.
Reyting.az-ın məlumatına görə, NASA Jet Propulsion Laboratory mühəndisi Kevin M. Gill tərəfindən yayımlanan fotoda çoxbucaqlı quruluşa malik səth əks olunub. Mütəxəssis bildirib ki, rover kiçik bir kraterə doğru hərəkət edərkən bu geoloji obyektlə qarşılaşıb.

Alimlər qeyd ediblər ki, Marsda bu cür strukturlar əvvəllər də müşahidə olunub, lakin bu qədər geniş və təsirli formada qeydə alınmayıb.
İlkin ehtimallara görə, “pulcuqvari” naxışlar qədimdə suyun təsiri ilə yaranmış lil qatlarının quruması və sonradan çatlaması nəticəsində formalaşıb.
Mütəxəssislərin fikrincə, bu proseslər təxminən 3,8–3,6 milyard il əvvəl, Marsın daha isti və rütubətli olduğu dövrdə baş verib.
Aparat hazırda diametri təxminən 10 metr olan Antofagasta krateri istiqamətində hərəkət edir. Tədqiqatçılar hesab edirlər ki, həmin ərazidə qədim həyatın izlərini göstərə biləcək üzvi birləşmələr qorunub qalmış ola bilər.
Oqtay Qorçu