Dünya şöhrətli "Xaç atası" filminin rejissoru kimi tanınan Frensis Ford Koppola yeni kino layihəsi olan "Ayın işartıları" adlı ekran əsərini reallaşdırmaqda ciddi çətinliklərlə üzləşdiyini bildirib. O, yeni filmin çəkilişləri üçün ən vacib problemi - maliyyələşməni bu günədək həll edə bilmədiyini, buna baxmayaraq, maliyyə mənbələri axtarmağa davam etdiyini deyib.
Reyting.az "World of Reel" nəşrinə istinadla bildirir ki, məşhur rejissor filmin çəkilişlərinə 2025-ci ilin noyabrında İtaliyanın Kalabriya bölgəsində başlamağı planlaşdırırdı. Lakin maliyyə problemləri səbəbindən çəkilişlərin başlanma tarixi təxirə salınıb.
Filmlə bağlı narahatlıq keçirən rejissorun müraciətinə İtaliya hökuməti də dəstək verib. Hökumət Frensis Ford Koppolanın həyata keçirmək istədiyi layihənin istehsalı üçün subsidiya və vergi güzəştləri vəd edib.
Lakin italyan əsilli amerikalı kinorejissor göstərilən dəstəyə görə təşəkkür etsə də, vəd olunan maliyyənin filmin çəkilişi üçün kifayət etmədiyini vurğulayıb.
Koppola qeyd edib ki, onun fikrincə, bu film dövlət dəstəyi və ənənəvi maliyyələşdirmə üsulları ilə ərsəyə gətirilməlidir. O bildirib ki, hazırda çoxlu borcları var və layihənin də ucuz başa gəlməyəcəyi gözlənilir. Bununla belə, rejissor vurğulayıb ki, bu ekran əsəri əvvəlki "Meqalopolis" filmi kimi böyükmiqyaslı və epik janrda olmayacaq.
Koppolanın sözlərinə görə, "Ayın işartıları" adlı yeni film amerikalı yazıçı Edit Uortonun romanı əsasında çəkiləcək və 1930-cu illərin romantik müzikl janrında təqdim olunacaq.
Bu arada, dünya şöhrətli amerikalı rejissor Frensis Ford Koppolanın maliyyə vəziyyəti ilə bağlı müxtəlif məlumatlar da yayılıb. Bildirilir ki, o, şəxsi adasının icarə hüququnu satıb və böyük məbləğdə borca düşdüyündən uzun illər sahib olduğu bahalı qızıl saatını da hərraca çıxarıb.
Lakin bütün bu çətinliklərə baxmayaraq, kino karyerasında yeni uğurlar qazanmaq üçün mübarizəni davam etdirən rejissor daha bir layihə barədə də anons verib.
Frensis Ford Koppola bildirib ki, 2026-cı ildə "Meqalopolis" filminin daha maraqlı və qeyri-adi bir versiyasını təqdim etməyi planlaşdırır.
Oqtay Qorçu