Rusiyanın tanınmış rejissoru Yuri Maminin adı ölkəsində “xarici agent” siyahısına daxil edilib.
Reyting.az xəbər verir ki, 1946-cı ildə Leninqradda anadan olan və 1997-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülən Yuri Mamin təkcə Rusiyada deyil, həm də ölkə xaricində yenilikçi sənətçi kimi tanınır. O, teatr və kino rejissoru, ssenarist, aktyor, eyni zamanda bəstəkar və televiziya aparıcısıdır. Rejissoru kino aləmində tamaşaçılara daha çox tanıdan isə “Parisə pəncərə”, “Fəvvarə” və “Bakenbardlar” kimi ekran əsərləri olub.
2019-cu ildə Putinin rəhbərlik etdiyi Rusiyada hakim rejimə etiraz edən sənət adamı kimi siyasi baxışlarına görə tanınmış rejissor ölkəsini tərk edərək ABŞ-a mühacirət edib.
Qeyd edək ki, Rusiyada “xarici agentlər” siyahısına rejissor Yuri Teplyakov, siyasi fəal Natalya Qoqoleva-Qasımova, eləcə də mühacirətdə fəaliyyət göstərən “Slova vne sebya” ədəbiyyat layihəsi və “Xalqların Antiimperiya Bloku” təşkilatı da daxil edilib.
Yeni elan olunmuş “xarici agentlər” siyahısına rusiyalı iş adamı, hazırda ölkə xaricində fəaliyyət göstərən Aleksey Şevtsovla əlaqəli olduğu bildirilən “Yaşma” və “Torqovıye İnvestitsiyi” şirkətləri də salınıb.
Oqtay Qorçu