Dünyanın tanınmış futbolçularının əksəriyyəti peşəkar karyeralarına başlamazdan əvvəl müxtəlif sahələrdə çalışıb və ya fərqli peşələrə yiyələniblər.
Reyting.az-ın araşdırmasına görə, İngiltərə millisinin sabiq hücumçusu Ceymi Vardi uzun müddət tibbi avadanlıq istehsal edən zavodda fəhlə işləyib. Digər məşhur futbolçu, əlcəzairli Riyad Mahrez isə anbarda çalışıb.
Araşdırma zamanı məlum olub ki, kolumbiyalı futbolçu Karlos Bakka dolanışığını təmin etmək üçün tanışının köməyi ilə işə düzələrək avtobus sürücüsünün köməkçisi kimi fəaliyyət göstərib. Fransalı futbolçu Dimitri Paye isə geyim mağazasında satıcı kimi işə düzəldiyinə və ilk maaşını alacağına çox sevinib.
Dünya şöhrətli almaniyalı futbolçu Miroslav Kloze gəncliyində əvvəlcə dülgərlik peşəsinə yiyələnib.
İngiltərə millisinin keçmiş futbolçusu İan Rayt tikintidə fəhlə, İtaliya futbolunun tanınmış simalarından olan Luka Toni isə mərmər ustasının köməkçisi işləyib.
Seneqallı futbolçu Sadio Mane peşəkar futbola başlamazdan əvvəl yeniyetmə yaşlarından fermerliklə məşğul olan ailəsinə kənd təsərrüfatı işlərində kömək edib. Argentina futbolçusu Karlos Teves isə çörək sexində köməkçi işləyib.
Bununla belə, dünya şöhrətli futbolçuların bəzilərinin futboldan əvvəl başqa peşəsi olmayıb. Ziko yalnız tələbə olub, Dieqo Maradona və Devid Bekhem isə uşaqlıq illərindən futbol akademiyalarında yetişdikləri üçün başqa sahədə çalışmayıblar.
Braziliya futbolunun əfsanəsi, "Futbol kralı" Pele gəncliyində çayxanada, həmçinin ayaqqabı mağazasında köməkçi işləyib.
Almaniyalı məşhur futbolçu Karl-Haynts Rummeniqqe isə sabit iş və yaxşı maaş ümidi ilə əvvəlcə bank işi üzrə təhsil alıb, daha sonra bankda köməkçi kimi fəaliyyət göstərib.
Dünya futbol tarixinə "Qara mirvari" ləqəbi ilə düşən portuqaliyalı futbolçu Eysebio gəncliyində dülgər işləyib, bundan əvvəl isə günəmuzd fəhlə olub.
Almaniya futbolunun digər əfsanəsi Frants Bekenbauer də bir müddət sığorta şirkətində stajçı kimi çalışıb.
Qeyd edək ki, adıçəkilən futbolçuların əksəriyyəti sonradan peşəkar karyera quraraq dünya futbolunda tanınıb və yaşıl meydanlarda böyük uğurlar qazanıb. Onlardan bəziləri futbolçu karyerasını başa vurduqdan sonra məşqçi, futbol funksioneri və ya sahibkar kimi fəaliyyətlərini davam etdiriblər.
Oqtay Qorçu