Hollivudun 62 yaşlı məşhur aktyoru Nikolas Keyc əsl soyadı olan Koppoladan imtina edib. Amerikalı aktyor bundan sonra bütün rəsmi sənədlərdə təxəllüs kimi qeyd etdiyi Keyc soyadı ilə təqdim olunacaq.
Reyting.az-ın məlumatına görə, Nikolas Keyc "Variety" nəşrinə müsahibəsində bildirib ki, bu qərarı qəbul etməsinin əsas səbəblərindən biri məşhur Koppola ailəsi ilə assosiasiyalardan uzaqlaşmaq və müstəqil kimliyini təsdiqləmək istəyidir.
Aktyor qeyd edib ki, onu kinoda tanıdan Keyc soyadı həm həyatda, həm də ekranda onun həqiqi şəxsiyyətini əks etdirir.
Kino ulduzu bildirib ki, Keyc soyadını ekran təxəllüsü kimi seçərkən "Marvel" komikslərinin qəhrəmanı Luk Keyc, eləcə də bəstəkar Con Keycdən ilham alıb. O, həmçinin adını dəyişmədiyini, çünki atasının ona bu adla müraciət etdiyini xatırladıb.
Qeyd edək ki, Hollivud ulduzunun rəsmi sənədlərdəki adı Nikolas Kim Koppoladır. Nikolas Keycin atası müəllim və yazıçı Oqyust Koppola, anası isə Coy Koppoladır. Məşhur amerikalı aktrisa Taliya Şayr onun xalası, dünya şöhrətli kinorejissor Frensis Ford Koppola isə əmisi, atasının kiçik qardaşıdır. Rejissor Sofiya Koppola da onun əmisi qızıdır.
Nikolas Keycin sözlərinə görə, məşhur aktyor Ceyson Şvartsman da onun yaxın qohumu - əmisi oğludur.
Oqtay Qorçu