İsrail ordusunun mart ayının 2-də başlatdığı və Livanın müxtəlif bölgələrini hədəf alan hücumları nəticəsində həyatını itirənlərin sayı son 24 saat ərzində 34 nəfər artaraq 2089-a, yaralananların sayı isə 174 nəfər artaraq 6762-yə çatıb.
Reyting.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
Həyatını itirənlər arasında 166 uşaq, 252 qadın və 88 səhiyyə işçisinin olduğu bildirilir.
Livan hökuməti həmçinin ölkədəki məcburi köçkünlərin sayının 1 milyon 162 min nəfəri keçdiyini açıqlayıb.
Qeyd edək ki, İsrail ordusunun martın 2-də verdiyi açıqlamaya görə, Livandan raket atıldığı aşkar edilib. Daha sonra Livan boyunca hava hücumları təşkil edildiyi və paytaxt Beyrutu hədəfə aldığını açıqlayan İsrail ordusu, hava və dənizdən intensiv hücumlar həyata keçirdiyini qeyd edib. İsrail ordusu həmçinin Livanda quru əməliyyatlarını genişləndirmək qərarına gəlib.
V. Quliyev