Advert
Advert

Əli Mustafa: Paşinyanın qələbəsi sülh prosesinin davamı üçün müsbət siqnaldır 

Tarix:
Əli Mustafa: Paşinyanın qələbəsi sülh prosesinin davamı üçün müsbət siqnaldır 
Reklam

Baş nazir Nikol Paşinyanın parlament seçkilərində qələbə qazanması Ermənistanda siyasi kursun yaxın perspektivdə dəyişməyəcəyini göstərir. Bu nəticə Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesinə əlavə təkan verə bilər. 

Ermənistanda keçirilən parlament seçkilərindən sonra bu ölkənin gələcək siyasi kursu ilə bağlı ehtimallarını bölüşən siyasi şərhçi Əli Mustafa “Reytinq” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycan-Ermənistan münasibətlərində sabitliyin qorunacağı gözlənilir.

Onun fikrincə, gərginlik və qarşıdurma mərhələsi artıq geridə qalıb:

“Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı müəyyən problemlər və maneələr mövcuddur. Ümid edirik ki, onlar da aradan qaldırılacaq. Bunun üçün Ermənistan tərəfi üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Əlbəttə, ölkədə referendumun keçirilməsi, yeni konstitusiyanın qəbulu və müxtəlif siyasi proseslər müəyyən qalmaqallarla müşayiət oluna bilər. Lakin hesab edirəm ki, bütün bunlar sonda öz həllini tapacaq və sülhə mane olan amillər aradan qalxacaq. Hazırda əsas gözləntilərimiz də məhz bu istiqamətdədir”.

Siyasi şərhçi qeyd edib ki, Ermənistanda keçirilən parlament seçkiləri və seçkilərdən sonrakı dövr kifayət qədər maraqlı proseslərlə müşayiət olunur. Onun sözlərinə görə, ölkədə həm narazılıq, həm də siyasi gərginlik hələ də qalmaqdadır:

“Parlament seçkilərinin nəticələri tam şəkildə Rusiyanın maraqlarına uyğun gəlmir. Bəli, Rusiyaya yaxın qüvvələr müəyyən uğur əldə edərək parlamentdə 41 mandat qazanıblar. Lakin onlar hakimiyyətə gələ bilməyiblər. Buna görə də narazılıq bir müddət davam edəcək. Müxalifət yenidən səslərin sayılması məsələsini gündəmə gətirir, seçki komissiyalarının tərkibi ilə bağlı iradlar səsləndirir. Həmçinin parlamentin fəaliyyətində iştirak etməmək kimi yanaşmalar da müşahidə olunur. Bir sözlə, müxalifət və onun arxasında dayanan qüvvələr müxtəlif təzyiq vasitələrindən istifadə etməyə çalışacaqlar. Ancaq bunun ciddi nəticə verəcəyini düşünmürəm”.

Əli Mustafanın sözlərinə görə, Ermənistan indiyədək izlədiyi siyasi kursu davam etdirəcək:

“Ölkənin siyasətində ciddi dəyişikliklərin baş verəcəyini gözləmirəm. Paşinyan hökuməti müəyyənləşdirdiyi siyasi xətt üzrə fəaliyyətini davam etdirəcək. Bizim üçün əsas məsələ bölgədə sülhün, əməkdaşlığın və normal münasibətlərin formalaşmasıdır. Aydın görünür ki, sülhün alternativi yoxdur. Ermənistanda Paşinyan hakimiyyətinin davam etməsi ən azı sülh prosesinin irəliləməsi baxımından müsbət amil hesab oluna bilər”.

Nemət Orucov
Reyting.az
 

Reklam