Advert
Advert

Əli Mustafa: İranla müharibə yeni dünya düzəninə hazırlıq mərhələsidir

Tarix:
Əli Mustafa: İranla müharibə yeni dünya düzəninə hazırlıq mərhələsidir
Reklam

“ABŞ ilə İsrailin İrana qarşı savaşı böyük və strateji müharibədir. Bunun asanlıqla dayanması real görünmür. Hansısa mərhələdə atəşkəsin pozulması və müharibənin yenidən alovlanması ehtimalı var. Burada vacib məqamlardan biri də tərəflərin resursları ilə bağlıdır. Yəni həm ABŞ-ın, həm də İranın resursları tükənə bilər. Odur ki, müharibənin fasilələrlə davam etməsi ehtimalı var. Yəni bu müharibə iki həftədən sonra yenidən davam edə, sonra fasilə yarana və tərəflər lazım olan ehtiyatları topladıqdan sonra yenidən bərpa oluna bilər. Əlbəttə, bütün bunları indidən proqnozlaşdırmaq çox çətindir, lakin hər halda bu müharibənin yeni dünya düzəninə töhfə verdiyini qeyd etmək olar”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında siyasi şərhçi Əli Mustafa ABŞ-İran danışıqları barədə deyib.

Ə. Mustafa bildirib ki, dünyadakı köhnə münasibətlərin dağılması, status-kvonun dəyişməsi baxımından bu müharibə sıradan bir savaş deyil:

“Mən buna ABŞ-İsrail-İran savaşı kimi baxmıram. Əksinə, çoxqütblü dünya düzəninə hazırlıq kimi qiymətləndirirəm. Burada əsas məsələ köhnə düzənin dağılmasıdır ki, bu da müharibələr vasitəsilə baş verir. Bu baxımdan savaşın davam etmə ehtimalı yüksəkdir”.

Siyasi şərhçi qeyd edib ki, ABŞ-İran danışıqlarının vaxtı ilə bağlı bəzi dəqiqləşdirmələrə ehtiyac var:

“Əvvəl danışıqların bu gün keçiriləcəyi deyilirdi, daha sonra aprelin 11-də keçiriləcəyi barədə məlumatlar yayıldı. İndi tərəflər danışıqlara gəlsələr də, mövqelər arasında ciddi fikir ayrılıqları mövcuddur. Livan məsələsi var - İsrail ordusu bu ölkədə hərbi əməliyyatlar aparır və dayanmaq niyyətində deyil. İran isə bunun dayandırılmasını tələb edir, əks halda danışıqlarda iştirak etməyəcəyini bildirir. Üstəlik, prezident Trampın son açıqlamalarında İranı hədələməsi məsələsi də gündəmdədir, xüsusilə Hörmüz boğazı ilə bağlı. Hər halda, atəşkəs əldə edilsə, müharibə dayansa və sülh təmin olunsa, bu, çox müsbət hal olar”.

Ə. Mustafanın fikrincə, digər vacib məsələ tərəflərin razılığa gələ bilməsidir:

“Əgər görüş baş tutarsa, əsas müzakirə mövzularından biri Hörmüz boğazı olacaq. Mümkündür ki, tərəflər bu məsələdə razılığa gəlsin və birgə müəssisə yaratsınlar”.

Siyasi şərhçi İranın nüvə proqramı ilə bağlı da razılaşmanı mümkün hesab edir:

“ABŞ və İsrail bu məsələdə qəti mövqe sərgiləyir. Üstəlik, Tehran hər zaman bəyan edir ki, nüvə silahı əldə etməyi hədəfləmir. Eyni zamanda, iki həftəlik atəşkəsin uzadılması məsələsi də gündəmə gələ və danışıqlar masasında müzakirə oluna bilər”.

ABŞ tərəfindən danışıqlara vitse-prezidentin rəhbərlik edəcəyinə diqqət çəkən Ə. Mustafa bildirib ki, Vens əvvəldən İranla müharibəyə qarşı olub:

“Vensin tarixçi olduğu və “Öncə Amerika!” devizinə sadiq qaldığı deyilir. Onun Tramp komandası daxilində Yaxın Şərqdə müharibələrə qarşı olduğu məlumdur. Bu baxımdan onun danışıqlarda iştirakı əhəmiyyətlidir”.

Müsahib əlavə edib ki, danışıqlarda İrandakı rejim və hakimiyyət məsələsi, eləcə də ölkənin ballistik raket proqramı da müzakirə oluna bilər:

“Aydındır ki, müharibə zamanı İrana böyük zərər dəyib. Bu baxımdan sanksiyaların aradan qaldırılması və müəyyən güzəştlərin edilməsi mümkündür. Düzdür, İran kompensasiya tələb edir, lakin bunun qəbul olunacağı inandırıcı görünmür”.

Ə. Mustafa sonda qeyd edib ki, İrana qarşı sanksiyaların yumşaldılması məsələsi də gündəmə gələ bilər:

“Əsas mövzulardan biri də İran neftidir. Həmçinin İranın proksi qüvvələri və zənginləşdirilmiş uranın ölkədən çıxarılması məsələləri də müzakirə oluna bilər. Lakin tərəflərin bütün məsələlər üzrə razılıq əldə etməsi real görünmür”.

Nemət Orucov
Reyting.az
 

Reklam