Rusiya iqtisadiyyatı Ukraynaya qarşı müharibənin yaratdığı gərginliyi getdikcə daha çox hiss etməyə başlayıb. İqtisadi artım tempi demək olar ki, dayanıb, büdcə kəsiri isə hərbi xərclərin artması fonunda sürətlə böyüyür.
Reyting.az xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, müharibənin iqtisadi nəticələri tədricən Rusiya Prezidenti Vladimir Putinin əleyhinə işləməyə başlayır. Lakin bu, onun müharibəni dayandırmağa hazırlaşdığı anlamına gəlmir.
Məlumata əsasən, yüksək vəzifəli maliyyə rəsmiləri artıq Putinə müharibənin ölkəyə çox baha başa gəldiyini çatdırırlar. Bildirilir ki, büdcə kəsiri sürətlə artır, iqtisadi artım zəifləyir və hərbi rəhbərlik əlavə milyardlarla dollar maliyyə vəsaiti tələb etməkdə davam edir.
İddialara görə, Putin iqtisadi çətinliklərə ciddi əhəmiyyət vermir və digər sahələrdə xərclərin azaldılmasını tələb edir. Cəbhədən daxil olan və Rusiya qoşunlarının irəliləyişinin məhdud olduğunu göstərən məlumatlara baxmayaraq, o, Donetsk vilayətinin tam nəzarətə götürülməsi məqsədindən geri çəkilmir.
Ukrayna isə ağır qış dövründən sonra daha yüksək özünəinam nümayiş etdirir. Kiyev yaxın vaxtlarda Avropa Birliyindən on milyardlarla avro həcmində maliyyə dəstəyi almağa başlayacaq ki, bu da ölkənin maliyyə çətinliklərinin aradan qaldırılmasına kömək edə bilər.
Bununla yanaşı, Ukrayna pilotsuz uçuş aparatları Rusiyanın logistika mərkəzlərinə və neft emalı zavodlarına zərbələr endirməklə Kremlin müharibəni maliyyələşdirmək imkanlarını məhdudlaşdırmağa çalışır. Bu şəraitdə Rusiya vətəndaşları da müharibənin iqtisadi nəticələrini əvvəlkindən daha kəskin şəkildə hiss etməyə başlayıblar.
Məlumatda qeyd olunur ki, Rusiya hərbi rəhbərliyi müharibənin beşinci ilində ciddi itkilərə baxmayaraq, Putinə uğurlar barədə hesabat verməyə davam edir. Nəşrin iddiasına görə, prezidentin yaxın çevrəsində demək olar ki, heç kim bu yanaşmaya etiraz etməyə və ya qarşıya qoyulan məqsədlərin dəyişdirilməsini təklif etməyə cəsarət etmir.
Mənbələrin bildirdiyinə görə, Putin nəticələrdən asılı olmayaraq öz strategiyasını davam etdirir və üstünlüyün hələ də Rusiyanın tərəfində olduğuna inanır.
Bu arada Kiyev və onun müttəfiqləri Kremlin üzərində iqtisadi və hərbi təzyiqi artırmağa çalışırlar. Məqsəd Putini mövcud planlarını yenidən nəzərdən keçirməyə məcbur etməkdir.
“Reuters” agentliyinin məlumatına görə, təxminən 3 trilyon dollar həcmində olan və əsasən xammal ixracından asılı vəziyyətdə qalan Rusiya iqtisadiyyatında artım tempi kəskin şəkildə zəifləyib. Belə ki, iqtisadi artımın 2024-cü ildəki 4,9 faizlə müqayisədə ötən il təxminən 1 faizə düşdüyü bildirilir.
N. Orucov