Kreml Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "OPEC"i tərk etməsinə münasibət bildirib. Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Rusiya Federasiyası BƏƏ tərəfindən yeni açıqlamanı tamamilə anlayışla qarşılayır və bu dövlətin "OPEC"dən, eləcə də "OPEC+" formatından çıxması qərarına hörmətlə yanaşır.
Reyting.az-ın məlumatına görə, D. Peskov vurğulayıb ki, Rusiya dövləti bundan sonra da, BƏƏ ilə əlaqələrinin davam edəcəyinə, bu ölkə ilə enerji sahəsində olan ikitərəfli əməkdaşlığın möhkəmlənəcəyinə ümid edir.
Kreml sözçüsünün açıqlamasından məlum olub ki, ümumiyyətlə, Moskva Birləşmiş Ərəb Əmirlikləri ilə konstruktiv əlaqələri və dost münasibətləri yüksək qiymətləndirir və enerji bazarında sabitliyin qorunması üçün əlaqələrin davamını vacib sayır.
Peskovun dediyinə görə, Kreml hələ ki, məlum mövqeyində qalır və Rusiya Federasiyası tezliklə "OPEC+" formatında fəaliyyətini davam etdirəcəyinə ümid edir.
Xatırladaq ki, Birləşmiş Ərəb Əmirlikləri bu qərarını milli maraqlar və neft siyasətində daha çox çeviklik əldə etmək istəyi ilə əlaqələndirmişdi. Bununla bağlı yerli, eləcə də xarici ekspertlər bildiriblər ki, BƏƏ-nin bu addımı enerji bazarında qiymətlərin tezliklə və çox kəskin enməsinə səbəb ola bilər.
Oqtay Qorçu