1977-ci ildə kosmosa buraxılan “Voyager 1” gəmisi elektrik kəsilməsi ilə üzləşib. Kosmik gəmidə yaranmış bu problem missiya operatorlarını elmi cihazlarından birini müvəqqəti olaraq söndürmək məcburiyyətində qoyub.
Reyting.az xəbər verir ki, ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) təcili olaraq ilk ulduzlararası kosmik gəminin enerjisinin tamamilə tükənməsinin qarşısını almaq üçün həll yolu axtarır.
ABŞ kosmik agentliyi hazırda kosmik gəminin ömrünü uzatmaq və onu tam funksional vəziyyətinə qaytarmaq üçün “uzunmənzilli plan” üzərində işlədiyini açıqlayıb.
NASA bildirir ki, “Voyager 1” Yer kürəsindən ən uzaqda yerləşən insan tərəfindən hazırlanmış obyektdir. 2012-ci ildə Günəş sistemindən çıxan ilk zond olub. Kosmik gəmi plutoniumun parçalanmasından elektrik enerjisi istehsal edən radioizotop termoelektrik generatoru (RTG) ilə işləyir. Bu sistemin təbiətinə görə, o, ildə təxminən 4 vatt enerji itirir.
Enerji istehlakında gözlənilməz azalma ilk dəfə 27 fevralda planlaşdırılan manevr zamanı aşkar edilib. Mühəndislər xəbərdarlıq ediblər ki, daha çox enerji itkisi kosmik gəminin müəyyən komponentlərini avtomatik olaraq söndürəcək qoruyucu sistemi aktivləşdirə bilər.
Bunun qarşısını almaq üçün NASA hazırda Yerdən 25 milyard kilometrdən çox məsafədə olan “Voyager 1”-in göyərtəsindəki cihazlardan birini söndürmək qərarına gəlib. Bu, alimlərin həll yolu üzərində işlədiyi bir vaxtda müvəqqəti tədbirdir.
Missiya meneceri Kərim Bədəruddin deyib ki, elmi cihazın söndürülməsi arzuolunmaz olsa da, hazırda ən yaxşı seçimdir.
Hazırda kosmik gəmidə iki elmi cihaz işləyir: biri plazma dalğalarını aşkarlayır, digəri maqnit sahələrini ölçür. Hər ikisi hələ heç bir kosmik gəminin kəşf etmədiyi kosmos bölgəsindən məlumatları uğurla ötürməyə davam edir.
V. Quliyev