Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi kütləvi hücum nəticəsində Kiyevdə ciddi dağıntılar baş verib. Onlarla yaralı var, ölənlərin sayı isə artmaqdadır.
Reyting.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.
T. Tkaçenkonun sözlərinə görə, səhər saat 06:00-a olan məlumata əsasən, üç nəfər həlak olub, təxminən 25 nəfər yaralanıb.
Kiyev meri Vitali Kliçko daha sonra beş nəfərin öldüyünü, 34 nəfərin isə yaralandığını açıqlayıb. Bir qədər sonra isə Tkaçenko ölənlərin sayının səkkizə çatdığını bildirib.
"Rusiyanın zərbəsi nəticəsində ölənlərin sayı səkkizə çatıb. Düşmən yenidən qəsdən yaşayış məntəqələrini hədəfə alır və mülki şəxsləri öldürür. Şəhərə ciddi ziyan dəyib, uşaqlar da daxil olmaqla çoxlu sayda insan həlak olub", - deyə o bildirib.

Onun sözlərinə görə, hücum nəticəsində şəhərin 28 məntəqəsinə ziyan dəyib. Dağıntılar əsasən yaşayış binalarını və mülki infrastruktur obyektlərini əhatə edir.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti də Rusiyanın Kiyevə hücumu nəticəsində yaşayış evlərinin dağıldığını, mülklərin və avtomobillərin yandığını açıqlayıb.
Məlumata görə, Darnitski rayonunda 5, 9 və 16 mərtəbəli yaşayış binaları, eləcə də fərdi evlər qismən dağılıb.
Şevçenkivski rayonunda yeddimərtəbəli yaşayış binasının və otelin damında yanğın baş verib. Bundan başqa, beşmərtəbəli yaşayış binası yanıb, 300 kvadratmetr sahəsi olan digər beşmərtəbəli yaşayış binasında, eləcə də üçmərtəbəli qeyri-yaşayış binasında yanğın qeydə alınıb.
Qoloseyevski rayonunda 16 mərtəbəli yaşayış binasının texniki mərtəbəsində yanğın baş verib.
Peçerski rayonunda isə doqquzmərtəbəli yaşayış binasına ziyan dəyib. Binanın birinci və ikinci mərtəbələrində, təxminən 200 kvadratmetr sahədə yanğın baş verib.
Obolonski rayonunda anbar ərazisində yanğın olub.
Svyatoşinski rayonunda iki fərdi yaşayış evinə, Desnyanski rayonunda isə doqquzmərtəbəli yaşayış binasına ziyan dəyib.
Xatırladaq ki, iyulun 1-də Rusiya Xarkova da hücum edib. Nəticədə iki nəfər həlak olub, 20-dən çox insan yaralanıb.
Rusiya qüvvələri Odessa vilayətinə də ballistik raketlərlə zərbələr endirib. Hücum nəticəsində bir neçə anbara ziyan dəyib, 68 və 49 yaşlı iki kişi həlak olub, ən azı 13 nəfər yaralanıb.
E. Kamal