Moldova Prezidenti Maya Sandu Baş nazir Aleksandru Muntyanunun istefasından sonra erkən parlament seçkilərinin keçirilməsi imkanını əldən verib.
Reyting.az xəbər verir ki, bunu TASS agentliyinə Moldovanın ən böyük müxalif siyasi qüvvələrindən biri olan Sosialist Partiyasının lideri, ölkənin sabiq prezidenti İqor Dodon deyib.
Müxalifət liderinin fikrincə, parlamentin buraxılması ölkənin uzun müddətdir davam edən siyasi böhrandan çıxmasına imkan yarada bilər. Bu səbəbdən o, Maya Sandunu parlamentin buraxılmasına və erkən seçkilərin təyin edilməsinə çağırıb.
"Dövlət başçısı kimi Sandu siyasi partiyalar arasındakı qarşıdurmadan kənarda dayanmalıdır. Baş nazirin istefasından sonra o, nüfuzunu itirmiş parlamentin buraxılmasını və erkən seçkilərin elan edilməsini tələb etməli idi. Lakin bunun əvəzinə o, elan etdiyi islahatların uğursuzluğu, qanunsuzluq, korrupsiya və daxili çəkişmələr fonunda zəifləyən hakim Fəaliyyət və Həmrəylik Partiyasına dəstəyini davam etdirməyi seçdi. Bu isə sonda onun siyasi taleyinə də mənfi təsir göstərəcək", – deyə Dodon Baş nazirin istefasını və Sandunun yeni namizəd irəli sürəcəyinə dair açıqlamasını şərh edərkən bildirib.
Keçmiş prezident hesab edir ki, hakim partiya ard-arda baş verən korrupsiya qalmaqalları səbəbindən seçicilərin etimadını tamamilə itirib və artıq hakimiyyətini qoruyub saxlaya bilməyəcək.
"Atalar sözündə deyildiyi kimi, sonsuz dəhşətdənsə, dəhşətli sonluq daha yaxşıdır. Prezident ikinci yolu seçdi və bununla da ölkəni hakim partiyanın hakimiyyətə gəlməsindən sonra başlayan uzunmüddətli siyasi böhranın davamına məhkum etdi", - deyə Dodon əlavə edib.
E. Kamal