Advert
Advert

İranla müharibə NATO-ya zərər verib, ABŞ-la Avropa arasında parçalanma yaradıb

Tarix:
 İranla müharibə NATO-ya zərər verib, ABŞ-la Avropa arasında parçalanma yaradıb
Reklam

Ukraynada gedən səngər müharibəsi və intensiv artilleriya atəşləri ilk baxışdan ABŞ və İsrailin İrana qarşı apardığı müharibəyə bənzəməsə də, hər iki münaqişə son illərdə müharibə taktikasının nə qədər dəyişdiyini göstərib.

Reyting.az xəbər verir ki, bu barədə “The New York Times” qəzetində dərc olunan məqalədə bildirilib.

Qeyd olunur ki, hər iki halda hərbi baxımdan daha güclü tərəf rəqibini qısa müddətdə məğlub edə bilməyib. Məsələn, Rusiya Prezidenti Vladimir Putin sürətli qələbə gözləsə də, Ukraynaya qarşı başladığı tammiqyaslı müharibə artıq dörd ildən çoxdur davam edir.

Nəşr yazır ki, ABŞ Prezidenti Donald Tramp da amerikalılara İrana qarşı münaqişənin cəmi bir neçə həftə davam edəcəyini vəd etmişdi. Lakin tərəflər hələ də sülh razılaşmasına nail ola bilməyiblər.

“Rusiya və ABŞ üçün hərbi əməliyyatlarla bağlı bir çox gözləntilər özünü doğrultmayıb”,- deyə İran və Rusiya üzrə ekspert Nikol Qreyevski jurnalistlərə bildirib.

Məqalədə vurğulanır ki, asimmetrik taktika həm Ukraynaya, həm də İrana özlərindən daha güclü rəqibə qarşı müqavimət göstərməyə imkan verib. Jurnalistlərin fikrincə, onlar ənənəvi hərbi qarşıdurmada ciddi üstünlük əldə edə bilməzdilər.

İran ABŞ-a qarşı mübarizədə əsas diqqəti Vaşinqtonun müttəfiqlərinə yönəldib. Bildirilir ki, Tehran Küveyt və Səudiyyə Ərəbistanındakı hərbi bazalara və enerji obyektlərinə dron zərbələri endirməklə Fars körfəzi ölkələrində narahatlıq yaradıb. İran, həmçinin Hörmüz boğazında nəqliyyatın hərəkətini məhdudlaşdırmaq siyasətini davam etdirir.

Bu arada Ukrayna Rusiya hərbi rəsmilərini hədəfə alıb, həmçinin Rusiya iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyan neft obyektlərinə mütəmadi zərbələr endirib.

Nəşr əlavə edib ki, Ukrayna Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanmasına qarşı dəniz dronlarından da istifadə edir.

“Ukraynada təkmilləşdirilən və Fars körfəzində tətbiq olunan çoxqatlı sensorlar, idarəolunan raketlər və dron sistemləri, eləcə də bir çox hallarda süni intellekt əsaslı texnologiyalar sürətlə bütün dünyaya yayılacaq”, - deyə Karnegi Beynəlxalq Sülh Fondunun Rusiya və Avrasiya proqramının baş elmi işçisi, hərbi ekspert Maykl Kofman bildirib.

Onun sözlərinə görə, hər iki müharibə yüksək dəqiqlikli və ucuz silahların ön plana çıxdığını göstərib. Ekspert hesab edir ki, artıq demək olar bütün dövlətlər bu cür silahlara çıxış əldə edə bilər.

Məqalədə xatırladılır ki, ABŞ və İsrailin hücumlarından qısa müddət sonra İran ballistik raketlərlə yanaşı, dron dəstələrindən də istifadə etməyə başlayıb. Rusiya isə oxşar taktikanı Ukraynaya qarşı tammiqyaslı işğalın ilk mərhələlərində tətbiq etmişdi.

Qəzet yazır ki, ABŞ-ın İrana qarşı müharibəsi NATO-ya zərər vurub, Tramp administrasiyası ilə Avropa arasında fikir ayrılıqlarını daha da dərinləşdirib. Avropa ölkələrinin əksəriyyəti bu münaqişəni qanunsuz və lazımsız hesab edir.

İrandakı münaqişənin qlobal enerji bazarında da gərginlik yaratdığı qeyd olunur. Bildirilir ki, bəzi ölkələr bu səbəbdən Rusiyadan daha əlçatan, lakin sanksiyalara məruz qalan neft və qaz almağa məcbur olublar.

Bundan başqa, nəşr hesab edir ki, İrandakı müharibə Ukrayna ilə Rusiya arasında sülh danışıqlarına mənfi təsir göstərir və ABŞ-ın diqqətini Yaxın Şərqə yönəldir.

Kiyev Təhlükəsizlik Forumunun direktoru, Ukraynanın keçmiş xarici işlər nazirinin müavini Danilo Lubkivski jurnalistlərə bildirib:

“İnanıram ki, Prezident Tramp İranda müharibəyə başlayanda Kreml bunu sevinclə qarşılayırdı”.

Nəşr əlavə edib ki, ABŞ faktiki olaraq silah tədarükünü azaltdıqdan sonra Avropa Ukrayna üçün əsas dəstək qüvvəsinə çevrilib. Avropa ölkələri fəal şəkildə Amerika silahları alır, Avropa Birliyi isə aprel ayında Ukraynaya 90 milyard avro kredit ayırıb.

V. Quliyev
 

Reklam