İranda müharibə səbəbindən məktəblər bağlanıb. Dərslər televiziya proqramları və milli intranet vasitəsilə keçirilir. Noutbuk və ya smartfonu olmayan uşaqlar isə təhsildən kənarda qalır. Ölkə faktiki olaraq qlobal internetdən təcrid olunub.
Reyting.az-ın məlumatına görə, İranın Təhsil Nazirliyi ötən həftə elan edib ki, növbəti xəbərdarlığadək ölkə üzrə məktəblərdə əyani dərslər dayandırılır.
Qeyd olunur ki, 21 apreldən etibarən dərslər xüsusi platformalar və dövlət televiziya proqramı olan “İran TV Məktəbi” vasitəsilə onlayn formada keçirilir. Bu qərar ölkədəki bütün məktəbləri və sinifləri əhatə edir və növbəti qəraradək qüvvədə qalacaq.

İran hazırda hava hücumlarının yenidən başlama ehtimalı fonunda qeyri-müəyyən vəziyyətdədir. Altı həftə davam edən hücumları dayandıran kövrək atəşkəsə baxmayaraq, gərginlik qalmaqdadır.
Məktəb Təmiri, İnkişafı və Avadanlıqları Təşkilatının rəhbəri bildirib ki, ABŞ və İsrailin hücumları nəticəsində 17 əyalətdə 640-dan çox təhsil müəssisəsi zədələnib. Onlardan təxminən 250-si ciddi ziyan görüb və əsaslı təmirə ehtiyac duyur. Ən azı 15 məktəb isə yenidən tikilməlidir.
Milli intranetə keçid
Londonda yerləşən qlobal internet monitorinqi şirkəti “NetBlocks”un məlumatına görə, 21 aprel ərəfəsində ölkə miqyasında tarixdə ən uzunmüddətli internet kəsintilərindən biri qeydə alınıb. Hazırda İran hələ də qlobal internetdən böyük ölçüdə ayrılmış vəziyyətdədir.
İnternet trafikin böyük hissəsi ciddi məhdudiyyətlər tətbiq olunan və əsasən yerli veb-saytlara çıxış imkanı verən milli intranet üzərindən həyata keçirilir. Elektrik kəsintilərindən əvvəl də ölkədə internetə çıxış sərt senzura ilə müşayiət olunurdu. Bir çox sosial media platforması bloklanmışdı ki, bu da istifadəçiləri məhdudiyyətləri aşmaq üçün VPN xidmətlərindən istifadə etməyə vadar edirdi.
“İranda internet blokadasının tam aradan qaldırılması ehtimalı çox azdır”, - deyə kibertəhlükəsizlik üzrə ekspert, ABŞ-da yerləşən Miaan Qrupunun direktoru Əmir Rəşidi bildirib.
Onun sözlərinə görə, İran hakimiyyəti uzun müddətdir qlobal internetdən tamamilə ayrı fəaliyyət göstərən milli şəbəkə modelini inkişaf etdirir: “Bu, rəqəmsal məkanda genişmiqyaslı dövlət nəzarətinin qurulmasına yönəlib”.
Ekspert qeyd edib ki, belə bir sistem vasitəsilə hakimiyyət orqanları vətəndaşların ünsiyyətini, etiraz aksiyalarının təşkili və məlumatların paylaşılmasını ciddi şəkildə məhdudlaşdıra bilər. Bununla belə, qida çatdırılması və taksi sifarişi kimi bəzi yerli rəqəmsal xidmətlər intranet üzərindən fəaliyyətini davam etdirir.
Məktəblilər üçün əlavə çətinliklər
Virtual dərslərə keçid, xüsusilə aztəminatlı ailələrdən olan və ucqar bölgələrdə yaşayan məktəblilər üçün ciddi çətinliklər yaradır. Əmir Rəşidinin sözlərinə görə, COVID-19 pandemiyası dövründə milli internet üzərindən müəyyən qədər distant təhsil tətbiq olunsa da, infrastruktur problemləri qalmaqdadır:
“Sistan və Bəlucistan kimi bəzi bölgələrdə internet infrastrukturu zəifdir və bağlantı demək olar ki, yoxdur. İranda əhalinin əksəriyyəti internetə mobil telefonlar vasitəsilə çıxış əldə edir. Lakin bu bölgələrdə smartfon və noutbuk kimi cihazlar kifayət qədər yayılmayıb”.
Pandemiya dövründə ölkə daxilində və xaricdə müxtəlif təşkilatlar ehtiyacı olanlara dəstək məqsədilə ianə kampaniyaları təşkil edib, ikinci əl cihazlar paylayıb. Lakin müharibə fonunda artan işsizlik, iqtisadi çətinliklər və inflyasiya bu cür təşəbbüslərin zəifləməsinə səbəb olub.

İnternetə çıxışın məhdud olduğu ərazilərdə bəzi dərslər dövlət televiziya proqramı olan “İran TV Məktəbi” vasitəsilə yayımlanır. İranın yarı-rəsmi “Fars” Xəbər Agentliyinin məlumatına görə, məsələn, VII-IX sinif şagirdləri üçün riyaziyyat dərsləri saat 14:00-da, XII sinif şagirdləri üçün fizika dərsləri isə saat 12:00-da televiziya vasitəsilə təqdim olunur.
Parlamentdə milli informasiya şəbəkəsinin genişləndirilməsi, təhsil müəssisələri üçün internet sürətinin artırılması və standartlaşdırılmış tədris məzmununun hazırlanması məsələləri müzakirə olunur.
Parlamentin Təhsil və Tədqiqat Komitəsinin sədri Əlirza Manadi Sefidan həm məktəblərdə, həm də universitetlərdə distant təhsil imkanlarının yaxşılaşdırılması üçün əlavə investisiyaların ayrılmasına çağırıb.
Bu arada, milli intranet tədricən ölkənin ictimai həyatının əsas infrastrukturuna çevrilir. Lakin internetə çıxışın məhdudlaşdırılması nəticəsində əhalinin böyük hissəsi xarici informasiya məkanından təcrid olunmuş vəziyyətdə qalır.
V. Quliyev