İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-la danışıqlar qrupunu tərk edib.
Reyting.az bildirir ki, bu barədə İsrailin “N12 News” televiziya kanalı məlumat yayıb.
Məlumata görə, bu, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) müdaxiləsindən sonra baş verib.
Daha əvvəl "Iran International" mənbələrə istinadla bildirib ki, İran liderləri arasındakı mübahisələrin İran nümayəndə heyətinin ABŞ-la danışıqlar aparmaq üçün İslamabada səfərini pozub. Məlumata görə, İran prezidenti Məsud Pezeşkianın müttəfiqləri ilə Ali rəhbər Müctəba Xamnəiyə yaxın şəxslər arasında fikir ayrılıqları səfərin son anda ləğvinə səbəb olub.
Nəşr yazır: "Məsələ ilə tanış olan mənbələrə görə, nümayəndə heyəti yola düşməyə hazır olarkən Xamnəinin yaxın çevrəsindən nüvə məsələsinin müzakirəsini qadağan edən və Xarici İşlər Nazirliyinin komandasını əvvəlki danışıqlar raunduna görə danlayan mesaj gəlib".
Nəticə etibarilə, İranın xarici işlər naziri Abbas Əraqçi xəbərdarlıq edib ki, bu cür məhdudiyyətlər altında danışıqlar mənasızdır və uğur qazanmaq şansı yoxdur.
E. Kamal