İranda casusluq ittihamı ilə saxlanılan britaniyalı cütlüyün oğlu Böyük Britaniyanın baş naziri Keir Starmerdən valideynlərinin azad edilməsi məsələsini Yaxın Şərqdə aparılan diplomatik danışıqların gündəliyinə daxil etməyi xahiş edib.
Reyting.az xəbər verir ki, Şərqi Sasseksdən olan Lindsi və Kreyq Forman 2025-ci ilin yanvarında dünya üzrə motosiklet turu zamanı İranda həbs olunublar.
ABŞ və İran arasında iki həftəlik atəşkəs elan edildikdən sonra Starmer Körfəz regionuna səfər edib. Kentin Folkston şəhərindən olan Co Bennett isə bildirib ki, artıq “hərəkətə keçməyin vaxtıdır”.
“Baş nazir regiondadır və təsir imkanlarına malik şəxslərlə birbaşa danışıqlar aparır. Lindsi və Kreyq Forman məsələsi hər görüşdə qaldırılmalıdır”, - deyə Bennett vurğulayıb.
Cütlük casusluq ittihamını rədd etsə də, artıq 15 aydır Tehrandakı Evin Prison həbsxanasında saxlanılır.
Bennettin sözlərinə görə, valideynləri təkadamlıq kamerada saxlanma, aclıq aksiyaları və daimi zorakılıq qorxusu ilə üzləşiblər. O, son eskalasiya zamanı anası ilə telefon danışığında həbsxananın yaxınlığına bomba düşdüyünü də eşitdiyini qeyd edib.
Ailənin BMT-yə hüquqi müraciətləri, parlamentdə partiyalararası dəstək və Xarici İşlər Nazirliyi ilə keçirilən görüşlərə baxmayaraq, cütlüyün azad edilməsi istiqamətində hələlik ciddi irəliləyiş əldə olunmayıb.
Bununla belə, Fransa prezidenti Emmanuel Makronun rəhbərliyi ilə aparılan diplomatik səylər nəticəsində casusluq ittihamı ilə üç il həbsdə saxlanılan Fransa vətəndaşları Sesil Koler və Jak Parisin azad olunaraq vətənlərinə qayıtması Forman ailəsi üçün ümid yaradıb.
Böyük Britaniyanın xarici işlər naziri isə Lindsi və Kreyq Formana qarşı irəli sürülən ittihamları “tamamilə dəhşətli və əsassız” adlandıraraq onların azadlığa buraxılmasına çalışacağını bildirib.
V. Quliyev