Advert
Advert

İran yenidən böyük güclərin hədəfinə çevrilə bilər

Tarix:
İran yenidən böyük güclərin hədəfinə çevrilə bilər
Reklam

ABŞ və İran arasında danışıqlar prosesi uzanır. Buna səbəb tərəflərin əsas məsələlər, xüsusilə də nüvə proqramı və sanksiyaların ləğvi ilə bağlı mövqelərinin hələ də uzlaşmamasıdır. Əgər Tehran əlavə tələblərində israrlı qalarsa, danışıqların uzanması və ya tamamilə dayanması ehtimalı arta bilər. Bu isə regionda gərginliyin yenidən yüksəlməsinə, ABŞ və müttəfiqlərinin İrana qarşı təzyiqləri artırmasına səbəb ola bilər.

Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə "Reytinq" qəzetinə açıqlamasında bildirib ki, İranın danışıqlar prosesini uzatması və müxtəlif bəhanələr irəli sürməsi Tehranın daha çox vaxt qazanmaq istəyindən irəli gəlir.

Onun sözlərinə görə, İran mümkün qədər vaxt əldə etməyə çalışır. Deputatın qənaətincə, Tehranın güzəştə getməsi ehtimalı azdır və danışıqların nəticəsindən asılı olmayaraq, ölkə əvvəlki fəaliyyətini davam etdirməyə çalışacaq.

Asim Mollazadə

Mollazadə bildirib ki, beynəlxalq təşkilatlar uzun illərdir İranı nüvə proqramı ilə bağlı fəaliyyətini məhdudlaşdırmağa çağırırlar. Lakin bu çağırışlar indiyədək ciddi nəticə verməyib. Onun fikrincə, hazırda ABŞ və İran nümayəndələri arasında aparılan danışıqlar daha çox “siyasi oyun”a bənzəyir.

"Əslində ABŞ-da da danışıqlar prosesində yaranmış vəziyyəti çox yaxşı anlayırlar. Sadəcə, ABŞ-ın bombaları və silah ehtiyatları azalıb. Hazırda onlar silah istehsalını aktiv şəkildə artırırlar. Buna görə də həmin silahların gələcəkdə yenidən İrana qarşı istifadə olunacağı ehtimalını istisna etmək olmaz", - deyə A. Mollazadə əlavə edib.

Nemət Orucov
Reyting.az
 

Reklam