Advert
Advert

İnsanlar daha bir xəstəlikdən xilas olur

Tarix:
İnsanlar daha bir xəstəlikdən xilas olur
Reklam

Tibb aləminə verdikləri yeni töhfə və bu sahədə uğurlu nəticələr əldə etdikləri üçün üç amerikalı alim mükafatlandırılıb. 

Reyting.az ABŞ mətbuatına istinadla xəbər verir ki, molekulyar biologiya üzrə tanınmış mütəxəssis Cin Bennett və onun həyat yoldaşı, oftalmoloq Albert Maquayr, həmçinin həkim Ketrin Hay tibb sahəsində yenilik etməklə, görmə qabiliyyətini bərpa edən terapiyanın yaradılmasına görə elm dünyasının "Oskar"ı sayılan "Breakthrough Prize" mükafatına layiq görülüblər. 

İtirilmiş görməni bərpa edən gen terapiyası hazırlayan elm adamlarına yeni təqdim olunmuş bu nüfuzlu mükafatın məbləği 3 milyon dollardır. 

Qeyd olunur ki, bu cür terapiya ilk dəfə 2017-ci ildə məhz ABŞ-da təsdiqlənib. Mütəxəssislər bildiriblər ki, bu yeni kəşf tibb elmində çox böyük yenilikdir. Keçirilən klinik sınaqlar terapiyanın insan görməsini tam bərpa etdiyini sübuta yetirib. 

Tədqiqatçıların sözlərinə görə, çox nadir irsi xəstəlik hesab olunan, tibb sahəsində Leberin anadangəlmə amavrozu adlanan belə bir ağır göz xəstəliklərindən illər boyu əziyyət çəkənlər üçün bu xəstəlikdən tam qurtulmaq elmi nöqteyi-nəzərdən əvəzsiz bəxşiş sayılır. Alimlər bildiriblər ki, artıq belə xəstəlikdən əziyyət çəkən insanların həyatı tamamilə dəyişib və onların bəziləri sağlamlıqlarına qovuşublar. 

Cin Bennett, Albert Maquayr və Ketrin Hay nüfuzlu mükafatı Los-Anceles şəhərində keçirilmiş təntənəli mərasimdə qəbul ediblər. Ümumi qaydalara əsasən, 3 milyon dollar üç alim arasında bölünəcək.

Oqtay Qorçu
 

Reklam