Dünyada baş verən ölümlərin təxminən yarısı əsasən altı ölkənin payına düşür. Bu barədə BMT-nin dərc etdiyi statistik məlumatlarda və “Əhali üzrə Dünya Perspektivləri” təşkilatının 2026-cı il üçün təqdim etdiyi yeni proqnozlarda qeyd olunub.
Reyting.az xəbər verir ki, 2024-cü ildə dünyada təxminən 62 milyon ölüm hadisəsi qeydə alınıb. Bu, hər saat orta hesabla 7 min nəfərin həyatını itirməsi deməkdir.
Ölüm sayına görə ilk yerdə Çin qərarlaşıb. Bu ölkədə hər saat təxminən 1334 nəfər dünyasını dəyişir. İnsan ölümlərinin çoxluğu baxımından ikinci yerdə Hindistan gəlir. Bu ölkədə hər saat təxminən 1085 ölüm qeydə alınır.
Mütəxəssislər bildirirlər ki, dünyada baş verən ölümlərin təxminən üçdə biri Çin və Hindistanın payına düşür.
Statistikaya görə, ABŞ-da hər saat orta hesabla 340 nəfər dünyasını dəyişir. Bunun əsas səbəbləri xroniki xəstəliklər, həyat tərzi ilə bağlı problemlər, sağlamlıq riskləri və əhalinin yaşa dolması ilə əlaqələndirilir.
Nigeriyada isə hər saat təxminən 305 ölüm hadisəsi qeydə alınır. Bu ölkədə yüksək ölüm göstəriciləri müxtəlif infeksiyalar və digər yoluxucu xəstəliklər, ana və uşaq sağlamlığı ilə bağlı problemlər, eləcə də tibbi xidmətlərə məhdud çıxışla izah olunur.
İndoneziyada hər saat orta hesabla 242 nəfər həyatını itirir. Burada ölüm səviyyəsinə infeksion xəstəliklərlə yanaşı, təbii fəlakətlər və səhiyyə xidmətlərinin əlçatanlığı da təsir göstərir.
Rusiyada isə doğum səviyyəsinin azalması və əhalinin qocalması səbəbindən son illərdə ölüm göstəriciləri yüksək olaraq qalır. Ölkədə hər saat orta hesabla 205 nəfər dünyasını dəyişir və 2025-2026-cı illərdə bu sahədə ciddi dəyişiklik qeydə alınmayıb.
Oqtay Qorçu