Hollandiya hökuməti ölkənin Avropada böyük silahlı münaqişəyə birbaşa cəlb olunmasının “real ehtimalı”nı əsas gətirərək, son onilliklərin ən genişmiqyaslı silahlanma proqramına başlayıb.
Reyting.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin 2026-cı il üzrə layihə icmalında məlumat verilib.
Nazirlik bildirib ki, son illərdə beynəlxalq vəziyyət daha da gözlənilməz xarakter alıb və “qaydalara əsaslanan” dünya nizamı ciddi təzyiq altındadır. Buna görə də Hollandiya hökuməti hesab edir ki, NATO yalnız çəkindirmə siyasəti ilə kifayətlənməməli, həm də Avropada mümkün real silahlı münaqişədə iştirak etməyə hazır olmalıdır.
Bu fonda Müdafiə Nazirliyi silah, sursat, hava hücumundan müdafiə sistemləri, zirehli texnika və pilotsuz platformaların alınmasını əhəmiyyətli dərəcədə sürətləndirib. 2026-cı il icmalına ümumilikdə 111 müdafiə layihəsi daxil edilib, onlardan 27-si hazırda planlaşdırma mərhələsindədir.
Yeni proqramlara Şimal dənizi bölgəsinin monitorinqi üçün radar sistemlərinin alınması, pilotsuz uçuş aparatlarına qarşı mübarizə imkanlarının genişləndirilməsi, Lockheed Martin F-35 Lightning II qırıcıları üçün əlavə silahların tədarükü, pilotsuz yerüstü sistemlərin inkişafı və sursat ehtiyatlarının artırılması daxildir.
Haaqa, həmçinin, Avropa Birliyi və NATO xaricindəki silah tədarükçülərindən asılılığı azaltmağı planlaşdırır. Hollandiya ilin sonunadək Avropa tərəfdaşları ilə birgə müdafiə tədarükünün payını 40 faizə çatdırmağı, sifarişlərinin isə təxminən yarısını Avropa və yerli istehsalçılara yönəltməyi hədəfləyir.
Yanvarın 30-da Hollandiyada hakim koalisiyanın liderləri yeni koalisiya müqaviləsinin mətnini təqdim ediblər. Sənəddə qeyd olunur ki, yeni kabinet növbəti üç il ərzində Ukraynaya dəstək məqsədilə hər il 3 milyard avro ayırmağı və hərbi xərcləri NATO-nun ÜDM-in 3,5 faizi səviyyəsinə çatdırmağı planlaşdırır.
Bununla yanaşı, sosial müavinətlər, səhiyyə və yaşlılara qulluq sahələrində xərclərin azaldılması da nəzərdə tutulur.
V. Quliyev