“ABŞ Prezidenti Donald Tramp İrandakı müharibə vasitəsilə ictimaiyyətin diqqətini pedofil maliyyəçi Ceffri Epşteynin işi üzərindən yayındırmağa yönəlmiş zəif cəhd göstərib”.
Reyting.az-ın məlumatına görə, bu iddia ilə ABŞ-ın sabiq vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə keçmiş namizəd Kamala Harris çıxış edib.
Siyasətçinin sözlərinə görə, ABŞ-ı bu münaqişəyə İsrailin Baş naziri Binyamin Netanyahu “cəlb edib”. K. Harris bildirib ki, Amerika xalqı bu münaqişədə iştirak etmək istəmir. O əlavə edib ki, hərbi əməliyyatlar zamanı ABŞ hərbçiləri təhlükə altında qalıb və münaqişə nəticəsində yanacağın qiyməti artıb.
Harris həmçinin prezidenti dünyada müttəfiqlərin qorunması baxımından “Amerikanın məsuliyyətindən imtina edən”, suverenlik və ərazi bütövlüyü kimi beynəlxalq norma və qaydalara riayət etməyən ilk ABŞ lideri olmaqda ittiham edib. Harrisin sözlərinə görə, nəticədə ABŞ müttəfiqləri üçün “etibarsız” tərəfdaşa çevrilib.
Keçmiş prezidentliyə namizəd qeyd edib ki, hazırda ABŞ-da “ən korrupsiyalaşmış, qəddar və səriştəsiz prezident administrasiyası” fəaliyyət göstərir. Onun sözlərinə görə, ABŞ lideri mafiya bossu kimi davranaraq dünyanı təsir dairələrinə bölür.
Qeyd edək ki, yanvarın 30-da ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi üzrə üç milyon səhifədən çox sənəd, 2000-dən artıq video və 180 min foto yayımlayıb. Siyahıya dünyanın müxtəlif ölkələrindən kral ailələrinin üzvləri, tanınmış dövlət xadimləri, iş adamları, diplomatlar və tədqiqatçılar daxildir. Epşteynin əlaqələri arasında ABŞ-ın 42-ci prezidenti Bill Klintonun və hazırkı prezident Donald Trampın da adları var.
V. Quliyev