Bəzi ölkələrin silahlı qüvvələrində qadın hərbçilərin sayı digərlərinə nisbətən daha çoxdur. Bu sahədə ən yüksək göstərici Şimali Koreyada (KXDR) qeydə alınıb.
Reyting.az xəbər verir ki, bu barədə NATO Baş Qərargah Mərkəzi və "Global Firepower" layihəsinin birgə paylaşdığı məlumatda bildirilir.
Məlumata görə, KXDR ordusunda qadınlar şəxsi heyətin təxminən 40 faizini təşkil edir. Bununla belə, yüksək rütbəli qadın hərbçilərin sayı kifayət qədər azdır.
Siyahıda ikinci yerdə qadınlar üçün məcburi hərbi xidmətin tətbiq olunduğu İsrail qərarlaşıb. Bu ölkənin silahlı qüvvələrində qadınların payı 38 faiz təşkil edir.
Üçüncü yerdə isə 24 faiz göstərici ilə Cənubi Afrika Respublikası yer alır.
NATO ölkələrində qadınların ordudakı təmsilçiliyi adıçəkilən dövlətlərlə müqayisədə daha aşağıdır. Alyansın 2025-ci il hesabatına əsasən, üzv ölkələrin silahlı qüvvələrində qadın hərbçilərin payı orta hesabla 12-13 faizdir. Bu ölkələrdə hərbi xidmət əsasən könüllülük prinsipi əsasında həyata keçirilir.
Ekspertlərin fikrincə, son illərdə qadınların döyüş bölmələrində, eləcə də komandanlıq və texniki sahələrdə xidmət imkanları əhəmiyyətli dərəcədə genişlənib. Buna baxmayaraq, dünyanın əksər ölkələrində silahlı qüvvələrdə tam gender balansına nail olmaq hələ də uzaq hədəf olaraq qalır.
Qeyd olunur ki, əksər ölkələrin ordularında hərbi xidmət keçən kişilər say baxımından qadınlardan üstünlük təşkil edirlər.

Oqtay Qorçu