Peşəkar futbol karyerasını başa vurduqdan sonra bir sıra məşhur futbolçular qazandıqları ictimai nüfuzdan istifadə edərək siyasətə üz tutublar. Dünya şöhrətli bu idmançılar əvvəlcə müxtəlif siyasi partiyalara qoşulub, daha sonra isə seçkilərdə iştirak edərək parlament üzvü, nazir, mer və digər dövlət vəzifələrinə seçiliblər. Onların arasında hətta dövlət başçısı səviyyəsinə yüksələnlər də var.
Reyting.az xəbər verir ki, bəziləri siyasi partiyaların dəvəti ilə siyasətə gəlsələr də, digərləri bunu şəxsi seçim kimi dəyərləndirərək müstəqil və ya partiya namizədi qismində fəaliyyət göstəriblər.
İdmandan siyasətə ən uğurlu keçid nümunəsi kimi Liberiyanın əfsanəvi futbolçusu Corc Vea göstərilir. Futbol karyerasını başa vurduqdan sonra Demokratik Dəyişikliklər Uğrunda Konqres Partiyasına rəhbərlik edən Vea ölkəsində nüfuzlu siyasi fiqura çevrilməyi və partiyasının dəstəyi ilə prezident seçilməyi bacarıb. O, 2018-2024-cü illərdə Liberiya Respublikasının Prezidenti olub.
Braziliya millisinin sabiq hücumçusu Romario 2010-cu ildə Braziliya Sosialist Partiyasından deputat seçilib. Sonradan siyasi fəaliyyətini başqa partiyada davam etdirərək senator olub.

Dünya çempionu Bebeto isə siyasətə Demokratik Əmək Partiyasından başlayıb və Rio-de-Janeyro ştat parlamentinin deputatı seçilib.
İtaliya millisinin əfsanəvi qapıçısı Dino Zoff 1990-cı illərdə Roma Şəhər Şurasında fəaliyyət göstərib və uzun illər İtaliya Demokratik Partiyası ilə əməkdaşlıq edib.
Bolqarıstan futbolunun canlı əfsanəsi Xristo Stoiçkov isə siyasətdə uğur qazana bilməyən məşhurlar sırasındadır. O, müxtəlif dövrlərdə Bolqarıstan Sosialist Partiyasını dəstəkləsə və seçki kampaniyalarında iştirak etsə də, heç vaxt seçkili dövlət vəzifəsinə seçilməyib. Vaxtilə onun prezidentliyə namizəd olacağı barədə yayılan xəbərləri özü təkzib edib. Bununla belə, 2011-ci ildə Bolqarıstanın Barselonadakı fəxri konsulu təyin olunub. Hazırda isə futbol eksperti və televiziya aparıcısı kimi fəaliyyət göstərir.
Ukrayna futbolunun ulduzu Andrey Şevçenko da 2012-ci ildə "Ukrayna - İrəli!" Partiyasından parlament seçkilərinə qatılıb. Lakin partiya parlamentə düşə bilmədiyi üçün o, qısa müddət sonra siyasətdən getdiyini açıqlayıb.
Portuqaliyanın məşhur futbolçusu Luiş Fiqo isə 2015-ci ildə ölkə prezidentliyinə namizəd olmaq niyyətini açıqlasa da, lazımi ictimai dəstəyi qazana bilməyib və namizədliyini geri götürüb. O, korrupsiya ilə mübarizə və islahatlar vəd etsə də, siyasi ambisiyalarını reallaşdıra bilməyib.
Bununla yanaşı, Fiqo uzun illər xeyriyyəçilik fəaliyyəti ilə məşğul olub, uşaqların rifahı, təhsil və idmanın inkişafı ilə bağlı beynəlxalq layihələrdə iştirak edib. O, həmçinin UEFA və FIFA ilə əməkdaşlıq edib, 2015-ci ildə FIFA prezidentliyinə namizədliyini irəli sürsə də, sonradan yarışdan çəkilib.
Almaniyada futbolçular arasında yüksək dövlət vəzifələrinə seçilənlər olmasa da, siyasi və ictimai fəallığı ilə seçilənlər az deyil. Onlardan biri Almaniya millisinin sabiq futbolçusu Cimmi Hartviqdir. O, futbol karyerasından sonra sosial layihələrdə, xüsusilə irqçiliklə mübarizə kampaniyalarında fəallıq göstərib, bir müddət Xristian Demokrat İttifaqı ilə əməkdaşlıq edib. Hazırda isə ictimai fəaliyyətlə yanaşı, teatr və televiziya layihələrində çalışır.
1974-cü il dünya çempionu Paul Braytner isə Almaniyada daha çox sol siyasi baxışları ilə tanınıb. O, uzun illər Mao Zedunun ideyalarına rəğbət bəslədiyinə görə kəskin tənqid olunub və müxtəlif ittihamlarla üzləşib. Sonralar isə özü radikal baxışlardan uzaqlaşdığını bildirərək daha liberal mövqedə olduğunu açıqlayıb.
Xorvatiya millisinin əfsanəsi Davor Şuker bir müddət parlament üzvü olsa da, siyasi karyerasını davam etdirə bilməyib. Sonradan 2012-2021-ci illərdə Xorvatiya Futbol Federasiyasının prezidenti olub, hazırda isə FIFA səfiri və UEFA-nın idarəetmə strukturlarında fəaliyyət göstərir.
Gürcüstan millisinin sabiq müdafiəçisi Kaxa Kaladze isə futbolu başa vurduqdan sonra "Gürcü Arzusu" Partiyasına qoşulub. O, əvvəlcə energetika naziri, 2017-ci ildən isə Tbilisi şəhərinin meri seçilib və bu vəzifəni hazırda da icra edir.
Bütün bunlar göstərir ki, futbol meydanında qazanılan nüfuz bir çox hallarda siyasətə keçid üçün mühüm üstünlüyə çevrilir. Bununla belə, idmanda əldə olunan uğur hər zaman siyasi karyerada da eyni nəticəni vermir. Bəziləri ölkələrinin prezidenti, naziri və ya meri səviyyəsinə yüksəlsə də, digərləri ictimai nüfuzlarına baxmayaraq seçicilərin etimadını qazana bilməyiblər.
Oqtay Qorçu