“Marallarım” silsiləsindən üçüncü yazı
Müəllif: Bircə
(Əbdürrəhim bəy Haqverdiyevin ruhuna sonsuz ehtiramla)
Allah Sənə qəni-qəni rəhmət eləsin, Əbdürrəhim bəy! Bu cızma-qaraları Sənin marallarından ilhamlanıb yazıram.
Məndəkilər çox bicəltəkdilər, səninkilərin əlinə çöpü cüt-cüt verərlər. Gəl gör mənim nə qədər dodağı pöşük, yanbızı şişik, qarpız boyda başının içində darı dənəsi qədər ağlı olmayan, ev yıxan, yuva dağıdan marallarım var. Səndə belələri çətin tapıla.
Mənim də həci, kərbəlayı maralım çoxdu. Bu gün onun birindən danışmaq istəyirəm Sənin müqəddəs ruhunun hüzurunda.
Sinəsi yaralı aşıq sazını basdı sinəsinə, “Paşaköçdü” havası üstündə aldı görək nə dedi…
Bəlkə də məni qınayacaqsız, başıma qaxınc eləyəcəksiz, oxuyub qəmləndikcə yeddi arxa dönənimə söyəcəksiz. Bu maralımın taleyi sizi çox ağrıdacaq, bilirəm, amma elimin yaddaşına hörmətimdən dolayı yazmaya bilmədim. Çünki mən də şələ-küləmi yığıb heç kimin qayıtmadığı o məkana köçəndən sonra bir bəşər övladının yadına düşməyəcək qəhrəmanlarım. Kəndimizdə bu ana-balanı yada salası, ruhlarına fatihə oxuyası adamların çoxu ölüb. Oba qəbiristanlığının sağ qulağında illərdi baş-başa verib yuxuya getmiş bir cüt kimsəsiz, qərib məzarın bu dünyada ağlayanı, həyanı qalmayıb.
Suğra bizim qapıbir qonşumuzuydu. Qısa bir xəbərçiliklə onun kəndimizə necə gəlib çıxdığını danışım…
Məyiş dayı uzaq eldən bir qız qaçırıb gətirir. Kəndimizin adlı-sanlı aşığı Səmir kişi sazını sinəsinə basıb onlara toy eləyir. Qonum-qonşu da yığışıb Məyişin dul anasının kəsdirdiyi çolaq əkəc (qoca) keçinin ətini yeyib dağılışırlar.
İllər ötür, gəlmə gəlin dağ kəndində qıtlıq çəkən iki qardaşını da gətirib kəndimizdə yerləşdirir. Cəmdək harda, milçək orda məsəli. Evlənmək yaşı xeyli ötəndən sonra bu qardaşlardan biri qoyub gəldiyi kənddən bir qız qaçırıb özünə gəlin gətirir.
Samanı torpaqla bürmələyib kərpic kəsib bir göz ev, bir seyvandan ibarət koma qaraldırlar. Təzə gəlin Suğrayla yaşlı, çolaq əri Dağıstan ora yığışırlar.
Aradan nə qədər keçir, bilmirəm, bir səhər kənd Suğranın çığırtısına oyanır: Dağıstan arvadının bişirdiyi südbürüncünü (bəzi yerlərdə yayma, bəzilərində südlü aş deyilən yeməyi bizim kənddə belə adlandırırlar) yeyəndən sonra qara yuxuya gedibmiş.
Bura qədərinə mən şahidlik eləməmişəm, çünki o vaxtlar çox balaca olmuşam. Mənim ağlım kəsməyə başlayanda Suğra çoxdan kilimi kəsib palan eləmişdi. Hərdən anam kasaya, ya ləyənə nəsə qoyub deyirdi:
– Qaçırt bunu ver Suğraya, yetimini kiritsin.
Torpaq evin seyvanına yapışıb qalırdım, içəri girə bilmirdim. Həm evdən qəribə bir iy gəlirdi, həm də divardan asılmış gözləri bərəli şəkildən – Suğranın əri Dağıstanın şəklindən yaman qorxurdum.
Nənəm mənim şəkildən qorxduğumu ona deyəndə Suğra şəbeh çıxartdı. Dərsdən gəlirdim, arvad məni doqqazda xırxaladı, biləyimdən yapışıb yalvardı:
– Qulunc olmuşam, sən dayının canı, keçək içəri, məni tapdala.
Suğranın belində hoppanıb-düşməkdən xoşum gəlirdi. Seyvana çatanda şəkil yadıma düşdü, geri dartındım. Suğra məni basmarlayıb içəri saldı. Ayağının altına kətil qoyub yuxarı qalxdı, şəklin asıldığı çərçivəni divardan alıb yerə endi. Mən gözlərimi yumub ağlamağa başladım. Arvad şəkli arxasında gizlədib üstümə çığırdı:
– Aaazz, bəs niyə mənə demirsən bundan qorxduğunu? İndi gör mən bunun başına nə oyun gətirəcəm! Bax nə bu şəkil, nə bu ölü mənim şivənimə dəyməz. Elə mən özüm də hər axşam onun üzünə baxdıqca sozalıram. Bu it oğlu məni yerimdən dərbədər eləyib əcəl beşiyinə atıb getmədimi? Nə işim vardı buralarda, düşdü qızıxmış bacısının dalına (Məyiş dayının arvadını deyirdi), bir yetimi də qoltuğuma verib məni gor-qərib elədi. Az, bunun dəvəcə boyu varıdı, düyməcə ağlı yoxudu. Bu, bir ciyərdən ötrü bir camış boğardı eyy, – deyib şəkli yerə çırpdı.
Çərçivənin üzündəki şüşə çiliklənib dağıldı. Qorxudan gözümü bərk-bərk yummuşdum.
– Aç gözünü! İndən belə qapıdan qayıtma, bacılarına, əmin qızlarına da de.
Qorxa-qorxa gözlərimi açıb divara baxdım: şəklin çılpaq qalmış yeri mənə diş ağardırdı. Yerə baxdım: Dağıstanın bir cüt vahiməli gözü saqqallı üzünün içindən hələ də mənə zillənmişdi. Gözlərimi yenə yumub çığırdım. Suğra xala şəkli yerdən götürüb cırıqlayanda qaçdım.
Olanları nənəmə danışdım, arvad əlindəki topa yunu iti dişli yun darağının ağzına verib dedi:
– Ölü şirin bığından dovşan da dartar. Yazıq Suğra, canının halovuşunu alıb eyy…
Varlının malı onun hər ayıbını örtər, kasıblıq yetimin yanbızını yerdə, qasığını çöldə qoyar, deyiblər. Suğra yedəyində yetimi kənddə kərdiyar olmuşdu, onun-bunun şələsini dartmaqdan qolları camam (fır) gətirmişdi. Kimin eşşəyi vardısa, Suğra ona palanıydı.
Bura qədər hər şeyi dedim, Suğranı yandıran, dirigözlü çürüdən, vərəmlədən dərdindən danışmadım. Özü cavan, üzü-gözü göyçək olsa da, Suğra xala keçəliydi, ayıbını örtmək üçün başını elə bürüyürdü, baxan deyərdi qoca qarıdı. Hərdən nənəmlə üz-üzə oturub yun didəndə başındakı qalın yaylığı geri sürüşür, alnından yuxarıda üç-dörd tük görünürdü. Vay o günə ora baxdığımızı görəydi – qırğı kimi yerindən qalxıb əlindəki yunu ayaqlarının altına salıb tapdayırdı, altdan-yuxarı Allaha nifrin yağdırıb ağlaya-ağlaya evinə qaçırdı.
Suğra şəkil dərdindən pasportsuz yaşadı. Bir gün rayon mərkəzinə şəkil çəkdirməyə gedir. Nabələd fotoqraf deyir başını aç, şəklini çəkim, Suğra da əlinə keçəni kişinin kəlləsinə yağdırıb kəndə qayıdır. Qabağına kim çıxırsa, hamısını söyüb suya tapşırır:
– Axır bir gün öyrənəcəm, görüm bu kənddən kim o şəkilçəkənə çuğulluq eləyib.
Arvadı heç kim qandıra bilmədi ki, pasport şəkli başıaçıq çəkilməlidi.
Onun yanında bir kimsə keçəl sözünü dilinə gətirə bilməzdi. Bir dəfə yenə nənəmlə nehrə çalxayırdı, həmişəki kimi Suğra xala sevincindən uçurdu: nənəm ona yağ verəcəkdi, nehrələrin ayranını elə qapımızdaca çürüdüb torbalayacaqdı, hələ üstəlik şoruna da yağ qatacaqdı, sonra Suğra artıq qalan ayrandan bir yekə qazan dovğa bulayacaqdı, yetiminin də, özünün də qarnı doyacaqdı.
Balaca bacım əlində kitab bərkdən-bərkdən dərs oxuyurdu. Hansısa cümlədəmi, misradamı keçəl sözü işlənmişdi, uşaq fərqinə varmadan o sözü də ucadan oxuyub keçdi.
Yağışlı havaydı, nənəm nehrəsini pəyəmizin seyvanında asmışdı. Həyətdə xırda-xırda gölməçələr əmələ gəlmişdi. Bir də baxdıq Suğra xala həmən gölməçələrdən birinin içində ayaqları göydə ağnayır. Nənəm qaçıb onu dikəltməyə çalışdı, Suğra dartıb nənəmi də yerə yıxdı, onu da lilli suya bələyib lığın içində oturdu. Boğula-boğula bacıma, nənəmə söyüş-qarğış yağdırıb getdi.
Nənəm lığın içindən bacıma qolaylandı:
– Ay üzü tökülmüş, niyə gedib andırını aralıda oxumursan? Niyə o bədbaxtı dərya kimi çalxaladın? Bir həftə sizi qarğıyıb ağlayacaq, Allahı-bəndəni söyəcək.
Suğra beləydi, yeddi qapı dalında, yeddi çəpər o yanda bir uşaq keçəl qurbağa nəğməsini oxusaydı, qadın dərhal Allahın yatağına su calayardı, gündə on yol onu göydən düşürüb ayağına gətirərdi, daş atıb başını yarar, əl atıb üzünü cırardı, qapı-bacanı bərk-bərk bağlayıb qoşa yaylığı başından açar, keçəl kəlləsini Yaradana göstərib ondan cavab istəyərdi.
Yeniyetməliyimi, ərgənliyimi çox ağır keçirmişdim. Onda evimizin arxasından axan arxın qırağında oturub özümü öldürməyin asan yollarını gəzirdim. Elə ki Suğra xala qıjhaqıj axan sudan vedrəsini doldurub gedirdi, tez yerimdən qalxıb evimizə yüyürürdüm. Evdə güzgüyə baxır, üstümə ətir səpirdim.
Kəndimizə yaz gələndə yenə quluzuma düşürdüm. Ulduzlar göyün üzünə dağılanda, çiçəklər çırtlayanda, qaranquşlar yuva quranda, pəyədə böyütdüyümüz ipəkqurdu barama sarıyanda, qapı güllərimiz şırağzı (nənəm həmişə qızılgülü belə adlandırardı) kimi qıpqırmızı açanda Suğra xalaya baxıb ağlayırdım. Atlı qarışqaların yuvasına çöp uzada-uzada Suğranın kəlməbaşı söydüyü Allaha yalvarırdım ki, onun da başına bir əlçim tük göndərsin.
Yadımdan çıxmamış bunu da deyim: kitabımda yazmışam ha, gəlin köçəndə pilləkənin başından baxdım ki, Suğra xalama qoşulub Vağzalı havasına süzür, bax bu, həmən Suğradı…
İndi sizə danışım bu çınqı arvadın ipək kimi, quzu kimi balasından. Habil əmim oğlu Mahirlə yaşıdıydı, bir sinifdə oxuyurdular. Salamat olmasın sovet hökumətini, Habili səkkizinci sinfəcən döy-toqqaş zorla oxutdu, pulsuz dərsliyini, mövsümə uyğun məktəbli paltarını verdi.
Habil qızdan-gəlindən həyalı uşağıydı. Tay-tuşlarının köhnəsiylə, artıq tikəsiylə xəcalətli böyümüşdü. Yaşıdları pərmuda oğlanlarıydı, bığlarını-saqqallarını çoxdan ülgüclətmişdilər, amma Habil yetimin barı boyu da çıxmırdı. Nənəm onu yanına salıb şəhərdəki qohumu Qinyaz həkimə göstərdi, xeyli müalicədən sonra oğlan böyüməyə başladı. Çoxbilmiş əmim qızı Zümrüd deyirdi Habil Suğranın keçəl başının dərdini çəkir deyə böyümür.
Habilin heç vaxt dükandan alınma oyuncağı olmadı; məftildən özünə qəşəng maşınlar düzəldirdi, kəndin cüvəllağıları dartıb əlindən alırdılar. Kartondan avtolavka (səyyar maşın-dükan) qayırırdı, bizim Mahir götürüb qaçırdı. Habil o uşaqlara acı söz deməzdi, əşyası əlindən alınanda eləcə gülərdi, sonra qaçıb qaratikandan toxunmuş qapalaqlarının arxasında daldalanıb ağlayardı. Birimiz onu bu halda görəndə tez üzünü-gözünü silib başlayardı yalvarmağa:
– Nənəmə (anasını deyirdi) demə haa, gedib Mahiri vuracaq, ya da onu dədəsinə döydürəcək. Neynək, mən özümə təzəsini qayıraram.
Sonra yenə qəşəng maşınlar düzəldib torpaq döşəməli evlərində, üstündə yamyaşıl ot bitən komalarında sürürdü. Bilirdi çölə çıxarsa, çalağanlar çalacaq.
Bayramda hamı güdükdə dururdu, kəndin arvadları Habilin qurama torbasını tanıyırdılar, ona daha yaxşı pay qoyurdular. Bəzən torbaya qəpik də tökürdülər. Onda da kəndin həməyir uşaqları onun qabağını kəsib torbasını boşaldırdılar. Böyüklər bundan duyuq düşəndə torbası dolu Habilin böyrünə düşüb onu evəcən ötürürdülər.
Çilələrdə qonşu qızlarla qapı pusmağa gedərdik, gecənin girt yarısına kimi niyyət tutub çilə çıxardardıq. Niyyət eləyib, boş butulkalara rəngli saplar yığıb torpağa basdırardıq. Cavan, ərgən qızlarıydıq, hamımız ər həsbəndindəydik. Habil də bir dəfə bizə qoşulmuşdu. Ondan arzusunu soruşanda demişdi istəyirəm gələn bayrama kimi nənəmin uzun saçları olsun.
Kəndimizə səyyar kino gələndə Tahir əmi Habilin qolundan tutub içəri ötürürdü, bir abbası tapmayan dıraz oğlanlar yana-yana qalırdılar. Kəndin cavan qızları Habilin yanında lap qoftalarını da dəyişirdilər, ona qulunclarını qırdırırdılar, hərdən onun çeçələ barmağına lak da çəkirdilər. Habil boyalı barmağına baxıb qəşş eləyirdi, qıdıqlanan kimi olurdu. Heç bir ata Habili qızının böyründə görəndə huyuxub hürkməzdi, necə deyərlər, gövşəsə əti yeyilər, tiyanda ipək olsa əyinə geyilər kimiydi Habil.
Səkkizinci sinfi bitirib peşə məktəbində oxudu, mexanik oldu. Nə vaxt baxsan, əlləri dirsəyəcən mazut, yağ içində olardı. Habilin televizor aldığı günkü sevincini tək mən yox, bütün kəndimiz unutmadı. Artıq əyni təzə paltar görürdü, kənd camaatı onun adına dəvətnamə yazırdı, gimgəyə çıxıb tay-tuşlarının arasında ərklə dayanırdı. Daha illər əvvəl olduğutək qapılarındakı qarağac kötüyünün üstündə oturub anasının qoynunda-qoltuğunda, torbasında gətirəcəyi bir dürməyin, bir banka cürtdək (su kimi duru) inək qatığının, üç yumurtanın, beş qartofun yolunu gözləmirdi. Namxuda, qazancı vardı, istədiyini alıb anasının yanına qayıdırdı.
Bu səfər də Habilin əsgərlik eşqi camaatın tikəsini boğazında qoydu. Əsgər paltarı geyinməkdən ötrü oğlan sino gedirdi. Bəs Suğranı neyləyəcəkdik? Göydən yağan yağışı dayandırmaq olardı, Suğranı saxlaya bilməzdik. Yanından pırıldayıb qəfil uçan quşdan, damdan sallanan yarasadan, hörümçəkdən də qorxurdu bədbəxt arvad.
Suğra bütün mahalı ayağa qaldırdı. Əyalətdə qələmi daşdan keçən bir nəfər vardı, o da mənim xalamın əriydi. Kişiyə minnətçi düşdülər, oturub neçə yerə bir barmaq kağız yazdı. Hətta birini Moskvaya, Leninin mavzoleyinə yazmışdı, arada özünün Berlinəcən getdiyini qeyd eləməyi də unutmamışdı.
Mənim Zümrüdüm kəmçənə dodaqlarını irəli uzada-uzada yenə uşaqlara təzə xəbər pıçıldadı:
– Babamın goru haqqı, məktuba Suğranın keçəl olduğunu da yazmışdılar. Elə ona görə Habili əsgər aparmadılar.
Dədəm demiş, Suğranın sümükləri yansın, necə ki, yandı – bəlkə də tifili əsgər aparsaydılar, yetim bir az çox yaşayardı.
Suğranın ulartısından kəndin qut olmuş qulaqları bir hovur dinclik tapdı. Habil bir az da böyüyüb qəşəngləşdi, iyirmi bir yaşına çatdı. Qarnı doyunca çörək, əyni qətəcər geyim, xəcalətli cibi pul gördü. Elə bu vaxt Əzrayıl hoppulub qondu yetimin çəpərinə. Ölüm elə bir tüstüdü, iynə ulduzunca yerdən sürünüb keçər.
Avqustun qorabişirən vaxtlarıydı, nənəm çoxdan ölmüşdü, bizimkilər yenə yaylaqdaydılar. Mən arandakı qardaşlarıma, əmim oğlanlarına qulluqçu qalmışdım.
Günortanın gürzəsində (od yağan vaxtında) Suğra fəryad qoparıb kəndə hay saldı. Səsə qaçanda gördüm Habil qapıda öyüyüb yediyini qaytarır. Çəpərdən qardaşım Hakimi harayladım, qatıq bankasıyla gəldi. Atılama elədik, Habil içdi. Sonra yenə qarnını tutub qıvrıldı, dizi üstə yerə çökdü, qollarını torpağın üstündə çataqlayıb başını üstünə qoydu.
Suğra içəridən çıxıb bir ləyən üzümü qapıya guruldatdı:
– Balamın düşmanı budu, ay ellər! Yetimim işdən gəlib bundan bir zingirə (kiçik salxım) yedi, düşdü partlamaya.
Hakim irəli durub Habilin qabağında çökdü, başını yerdən qaldıranda yetimin boynu çırpı kimi qardaşımın qucağına düşdü. Mərdimazar Əzrayıl bir ananın başını kəsib Suğranın hər gün söydüyü Allahın yanına çəkilmişdi. Habil infarkt keçiribmiş, tifilin yaralı ürəyi cırılıbmış – hər halda həkim rəyində belə yazılmışdı.
Kəndin üstünə su calandı. Habilin meyidini qonşu kənddə yaşayan, bircə dəfə uşağın başına sığal çəkməmiş, əlinə loxma uzatmamış əmisinin qapısından götürdülər. Yaşı doxsanı haqlamış Mədət baba kəndin qocalarını ortalıqdakı çinarın dibinə yığıb ağlaya-ağlaya vaysınırmış:
– Ə, görən bu alçaq (Əzrayılı deyirmiş) hansımızın dalınca gəlibmiş, hansımızı bəyənmədi ki, o gülüburnunda oğlanı, o yetimi çəngəlinə çalıb apardı? Bəlkə oyaq olsaydıq, qomarıb tutardıq, özümüzü ona isnad verərdik.
El Habili dəfn eləyib üstünə güllər düzdü, di gəl, sonra camaatın yaxası qaldı Suğranın əlində. Bayaqdan keçəlini yeddi yaylıq altında gizləyən, yaşlı kişilərdən yaşmanan Suğra ayağı yalın, başı açıq kəndin aralığında sərgərdan oldu. Suğranın keçəlini görməkdən ötrü sino gedən qanmaz uşaqlar belə gözlərini qaldırıb arvadın üzünə, başına baxa bilmədilər. Suğra daxmasından didərin düşdü.
Elin ağsaqqal kişilərini görəndə donunu qurşağına kimi çirmələyib göbəyinə, qasığının üstünə döyürdü:
– Çalsaqqal köpəyoğlu, sən yaşayırsan, mənim balam öldü, həəə?!
Havalı arvad kəndin yaşlılarını urvatsız eləyib daşa basırdı, qovarağa götürürdü. Heç kim ona cavab vermirdi, bütün kənd özünü Suğranın qarşısında gözükölgəli bilirdi.
Habildən sonra anası on il yaşadı, əgər ona yaşamaq demək olarsa. Bir gün onun, bir gün bunun evində. Qarlı havada soyunub quru yerdə yatırdı, buzu qırıb suya girirdi, yağışda özünü zığa-zımrığa bələyirdi. Hava soyuyanda Habilin aldığı üstü qoşa ceyranlı adyalı verirdi əlimizə, yalvarıb bizi göndərirdi qəbiristanlığa, oğlunun məzarını adyala bələdirdi. Səhəri aralıda dayanıb, yoldan ötənə adyalı açdırıb qucağına alırdı, kəndi dörd dolanırdı.
Ölənəcən balasının qəbri üstünə getmədi, eləcə uzaqdan dayanıb baxdı. Məzardan bir az aralıda göyə millənən çinara dırmaşıb oğluna sarı boylanırdı. Kənd arvadları onu aralığa alıb qəbrə yaxın aparmaq istəyəndə əllərindən çıxıb ilan çalmış kimi geri götürülürdü.
Bir kənd qadın Habilə ana oldu, qəbrinin başında layla çaldılar, nişanlı qızlar Habilə bacı oldular, məzarının üstünə qan kimi güllər düzdülər.
Kəndimizdə Allaha asi düşən, uşağına qarğış tökən analara bu gün də Suğranı misal çəkirlər. Sözünə baxmayanda Suğra tək övladını belə qarğıyardı:
– Sənin başına Həzrət Abbas yumruğu dəysin!
Yetim Habil bir zərbəyə canını tapşırıb özünü qurtardı, amma Suğranın bəlalı başından o yumruq ömrü boyu əskik olmadı.
Aprel 2026-cı il