“ABŞ hərbi-texniki baxımdan ən güclü dövlətdir. Buna baxmayaraq, İran ona qarşı savaşa, müqavimət göstərə bildi. Bəli, İran xeyili zəiflədi, dağıldı, ancaq təslim olmadı. Prezident Tramp da vəziyyəti anladı və hiss etdi ki, proses yaxşı istiqamətə getmir”.
Bu sözləri “Reytinq” qəzetinə ABŞ və İran arasında əldə olunan iki həftəlik atəşkəsi şərh edən hərbi ekspert Azad İsazadə deyib.
Onun sözlərinə görə, ABŞ lideri Donald Trampa təbliğat baxımından qısamüddətli əməliyyatlar lazımdır, ona uzunmüddətli müharibələr sərf eləmir.
A. İsazadə əlavə edib ki, artıq tərəflər razılaşıb: “İndi həm ABŞ, həm də İran qələbəsini elan edir. Amma diqqətlə baxsaq görərik ki, udan tərəf İsraildir. İsrail faktiki olaraq ABŞ-ın güc və imkanlarından istifadə edərək İranın hərbi sənaye komplekslərinə, silah müəssisələrinə, hərbi bazalarına zərbələr endirdi. İran isə bu prosesdə qələbə qazanmasa da, müqavimət göstərmək imkanını nümayiş etdirdi. Prosesdə ən az bal toplayan Amerika oldu. Bu gün İranla bacarmayan Amerika sabah Çinlə nə edə bilər?”.
Ekspert bildirib ki, bu müharibə Yaxın Şərqdəkli ərəb ölkələrini də müəyyən qədər “ayıldacaq”. İsazadənin fikrincə, müharibəyə qədər ABŞ-ın körfəz ölkələrindəki hərbi bazaları ərəb krallıqlarının əsas təhlükəsizliyini təmin edən faktor hesab olunsa da, müharibə göstərdi ki, ən çox təhlükə elə Amerika bazalarının olduğu ölkələrə yarandı:
“Qənaətimcə, bundan sonra ərəb dövlətləri yeni təhlükəsizlik sistemi haqqında düşünməli olacaqlar. Bu prosesdə Türkiyə və Pakistan cəlbedici faktor kimi önə çıxacaq. Çünki onlar müharibəyə qoşulmadı və özlərini maksimum qorumaqla yanaşı sülh təşəbbüsləri ilə çıxış etdilər”.
İsazadə qeyd edib ki, bu müharibədən sonra dünyada ABŞ-ın nüfuzu müəyyən qədər zəifləyəcək, çünki ortada reallıqlar var.
“Qənətimcə, hərbi əməliyyatlar yenidən bərpa edilə bilər. Atəşkəsdən ən narazı tərəf İsraildir. İran bir yana, İsrail hətta “Hizbullah”a qarşı da əməliyyatları dayandırmalı olub. Bunun üçün sözsüz ki, ABŞ Təl-Əvivə müəyyən təzyiqlər edib. İmkan tapan kimi İsrail hücuma keçə bilər. Bunun üçün “Hizbullah”ın atəşkəsi pozması yetərlidir. İndi əsas diqqət qarşıdakı iki həftəyə yönəlib. Əgər bir həftə sakit keçsə, bəlkə də atəşkəs daha uzunmüddətli ola bilər”,- deyə ekspert yekunlaşdırıb.
N. Orucov
Reyting.az