20-ci əsrin əvvəllərində “qanuni oğru”lar Sovet cinayətkar aləmində qısa müddətdə lider mövqeyə yüksəlib və SSRİ dağıldıqdan sonra da təsirlərini qoruyublar. Ötən aylarda Aslan Usoyan (Ded Xasan) haqqında məlumat vermişdik: o, cibgirlikdən başlayaraq kriminal aləmin zirvəsinə yüksəlmişdi. Lakin Xasan daha çox münaqişələr yaratmaqla yadda qaldığı halda, digər tanınmış kriminal avtoritet Datiko Tsixelaşvili (Dato Daşkəndski) əksinə, qarşıdurmaları aradan qaldırmağa çalışan “hakim” kimi tanınırdı.

Reyting.az “qanuni oğru” fenomeninə həsr olunmuş silsilə yazılarını davam etdirir. Qeyd edək ki, bu material yalnız oxucu marağı məqsədi daşıyır və redaksiya Rusiyada ekstremist kimi tanınan “AUE” hərəkatını təbliğ etmir.
Datiko kimdir?
Datiko Tsixelaşvili 1951-ci il yanvarın 12-də Özbəkistanın Nukus şəhərində anadan olub. Anası özbək, atası isə gürcü idi. Yeniyetmə yaşlarında Daşkəndə köçüb.
Onun həyatı erkən yaşlardan cinayət mühitinə yönəlib. Cəmi 16 yaşında üç il müddətinə yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş islah müəssisəsinə göndərilib. Həbsdə üsyankar davranışı ilə seçilən Tsixelaşvili administrasiya ilə davamlı münaqişələrə girdiyi üçün cəzası daha bir il uzadılıb.

1971-ci ilin Yeni il gecəsi azadlığa buraxılsa da, azadlığı uzun çəkməyib. Qısa müddət sonra ağır bədən xəsarəti yetirmə ittihamı ilə yenidən həbs olunub. İkinci həbs dövründə də qaydalara tabe olmayan davranışını davam etdirib.
Nəticədə, Daşkənddə keçirilən toplantıda beş nüfuzlu “qanuni oğru” ona “tac” verərək bu statusu qazandırıb. Bir müddət sonra o, “obşak” üçün bir kiloqram qızıl apararaq Moskvaya gedib və paytaxtın kriminal dairələri tərəfindən müsbət qarşılanıb.
“Qanun hakimi” kimi nüfuz qazanması
Dato Daşkəndski Moskvada məskunlaşsa da, Daşkəndlə əlaqəsini kəsməyib. Bu səfərlərdən birində o, təcavüzdə ittiham olunaraq 13 il müddətinə azadlıqdan məhrum edilib.
Həbsdə olduğu illərdə o, kriminal aləmdə “arbitr” kimi tanınmağa başlayıb. Onun baxdığı ən mürəkkəb işlərdən biri Yevgeni Vasin (Cem) ilə bağlı olub.

Vasin sonradan Uzaq Şərqin ən iri cinayətkar dəstələrindən biri olan “Obşak”ın yaradıcısı kimi tanınıb. Lakin əvvəlcə “qanuni oğru”lar onu bu titulu qanunsuz mənimsəməkdə ittiham edirdilər. Səbəb isə onun oğurluğa görə həbs olunmaması, həbsxana rəhbərliyi ilə əməkdaşlıq etməsi və “Əsl Məhbuslar Birliyi” adlı qurum yaratması idi.
1976-cı ildə Tobolsk həbsxanasında baş verən qarşıdurmanı həll etmək üçün Dato Daşkəndski çağırılır. O, tərəfləri dinləyərək və kriminal aləmdəki qüvvələr balansını nəzərə alaraq qərar verir. Nəticədə, Vasinin “taclandırılması”na razılıq verilir və o, 1985-ci il oktyabrın 2-də bu statusu alır.

Təzyiqlərə baxmayaraq geri çəkilmədi
1986-cı ildə Dato Daşkəndski gələcək kriminal lider Aslan Usoyanı müdafiə edir. Onun mövqeyi həlledici olur və Usoyan titulunu qoruyur.
Həbsxanalarda ağır fiziki və psixoloji təzyiqlərə məruz qalsa da, Dato prinsipial mövqeyindən çəkilmirdi. Tulun həbsxanasında məhbuslara qarşı tətbiq olunan zorakılıqlara baxmayaraq, o, “qanuni oğru” qaydalarına sadiq qaldı.
Nüfuz, düşmənlər və şəxsi həyat
1990-cı illərin əvvəllərində azadlığa çıxdıqdan sonra Dato Daşkəndski kriminal aləmdə əsas “hakim” fiqurlardan birinə çevrildi. Moskva və digər bölgələrdə baş verən mübahisələrdə onun sözü həlledici sayılırdı.

Bununla yanaşı, o, çoxlu düşmən də qazanmışdı. Xüsusilə Tariel Oniani (Taro) və Yuri Tevrinçidi ilə münasibətləri gərgin idi.
Onun həyat yoldaşı Lidiya isə uzun illər ərzində həm dayağı, həm də idarəedici qüvvəsi olub. Lakin şəxsi həyatında xəyanət və qalmaqallar da az olmayıb.
Narkotik asılılığı və faciəli son
Datonun narkotik asılılığı zaman keçdikcə onun həyatını məhv etməyə başladı. 1990-cı illərdə o, narkotik maddələrə görə bir neçə dəfə həbs olundu.
Son saxlanılma zamanı səhhəti artıq çox ağır idi - mikroinfarkt keçirmişdi. 2000-ci ilin yayında xəstəxanaya yerləşdirilən Dato Daşkəndskinin vəziyyəti kritik idi.
Həkimlərin səylərinə baxmayaraq, o, 2000-ci ilin oktyabrında vəfat etdi.
Kriminal aləmin “qanun hakimi” Tbilisidəki Vake qəbiristanlığında dəfn olunub.

V. Quliyev