Futbol tarixində, xüsusilə də 1960-cı illərdən etibarən müxtəlif dövrlərdə bəzi məşhur oyunçular cinayət və hüquq pozuntuları ilə bağlı saxlanılıb və ya həbs olunublar. Onların arasında həm 1960-70-ci illərin əfsanələri, həm də müasir dövrün dünya şöhrətli futbolçuları yer alır.
Reyting.az xatırladır ki, 1960-70-ci illərin ən tanınmış futbolçularından biri, İtaliya millisinin hücumçusu Paolo Rossi 1980-ci ildə İtaliya futbolunu sarsıdan "Totonero" adlı mərc qalmaqalı ilə əlaqədar saxlanılmışdı. Nəticədə o, üç il müddətinə peşəkar futboldan kənarlaşdırıldı. Lakin sonradan cəzası azaldıldı və 1982-ci ildə yenidən yaşıl meydanlara qayıtdı. Həmin il keçirilən dünya çempionatında İtaliya millisinin dünya çempionu olmasında mühüm rol oynadı və turnirin ən yaxşı futbolçularından biri kimi tarixə düşdü.
"Manchester United" klubunun əfsanəsi və Şimali İrlandiya millisinin üzvü Corc Best isə futbolçu karyerasını başa vurduqdan sonra bir neçə dəfə sərxoş vəziyyətdə avtomobil idarə etməsi, polisə müqavimət göstərməsi, habelə ictimai asayişi pozması səbəbindən saxlanılmışdı. Dəfələrlə cərimə və inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq, o, sonradan yenidən qanun pozuntularına yol verdiyi üçün həbs edilmişdi.
İngiltərə futbolunun tanınmış simalarından Toni Adams da bu siyahıda yer alır. O, 1990-cı ildə sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə dörd aylıq həbs cəzasına məhkum edilmişdi.
Müasir dövrdə isə braziliyalı futbol ulduzu Ronaldinyo 2020-ci ildə saxta pasportdan istifadə edərək Paraqvaya daxil olmaq ittihamı ilə həbs olunmuşdu. O, bir müddət həbsdə saxlanıldıqdan sonra ev dustaqlığına buraxıldı və daha sonra azadlığa çıxdı.
Keçmiş braziliyalı qapıçı Bruno Fernandes de Souzanın işi isə futbol tarixinin ən qalmaqallı cinayət hadisələrindən biri hesab olunur. O, özünə qarşı irəli sürülən ittihamları qəbul etməsə də, məhkəmə keçmiş sevgilisinin qətli ilə bağlı onu təqsirli bildi və uzunmüddətli həbs cəzasına məhkum etdi.
İngiltərəli futbolçu Adam Consonun işi də əks-səda doğurmuşdu. O, azyaşlı ilə cinsi əlaqəyə görə təqsirli bilinərək 2016-cı ildə altı il müddətinə azadlıqdan məhrum edilmişdi. Bu hadisədən sonra ailəsi və yaxın ətrafı onunla münasibətlərini kəsmişdi.
Bundan başqa, "Manchester City" akademiyasının yetirməsi, ingiltərəli futbolçu Coi Barton da karyerası ərzində zorakılıq və dava-dalaş hadisələri ilə bağlı bir neçə dəfə saxlanılmışdı. O, müxtəlif insidentlərdə iştirak etdiyinə görə dəfələrlə hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşmüşdü. 2008-ci ildə isə Liverpul şəhərində iki nəfərə hücum etməkdə təqsirli bilinərək həbs olunmuşdu.
Oqtay Qorçu