Dünən Bakıda xəstəxanaya yerləşdirilən Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, Gəncə “İmamzadə” ziyarətgahının imamı Hacı Tahir Abbasov bu gün əməliyyat olunub.
Reyting.az xəbər verir ki, ürək və ağır şəkər xəstəliyindən əziyyət çəkən din xadimi görmə qabiliyyətini də itirib.

Hacı Tahir Abbasov əməkdaşımıza bildirib ki, bir gözü əməliyyat olunsa da, nəticənin necə olacağı hələ məlum deyil, çünki sarğı açılmayıb:
“Ümidim Uca Allaha qalıb, Ona dua edirəm. Mən həmişə Yaradanıma həm xalqım və dövlətim, həm də dövlətimin rəhbəri, Ali Baş Komandanım üçün dua etmişəm. Baxmayaraq ki, indi sağlıq durumum pisdir, müsdərəm, amma dualarım azalmayıb. Dini ayinlərin icrası zamanı on minlərlə insanın qarşısında xalqım, dövlətim və dövlət rəhbərləri üçün etdiyim duaları indi xəstə yatağında davam etdirirəm. Ümid edirəm ki, dua etdiyim şəxslər də məni unutmazlar. Allah hər birindən razı olsun!
Səhhətimin necə olacağına gəlincə, hələlik müsbətə doğru irəliləyiş hiss etmirəm. Çünki sağlamlıq problemim təkcə görmə qabiliyyətimlə bağlı deyil. Allah sizi qorusun!”
Qeyd edək ki, Hacı Tahir Abbasov Milli Azadlıq Hərəkatının öncüllərindən biri olub və keçmiş Sovet Dövlət Təhlükəsizlik Komitəsi (KQB) tərəfindən həbs edilərək Moskvadakı Lefortovo həbsxanasında bir müddət siyasi məhbus həyatı yaşayıb.
2018-ci ildə baş verən Gəncə hadisələri zamanı isə onun qardaşı, polis polkovnik-leytenantı Səməd Abbasov ictimai asayişin müdafiəsi zamanı həlak olub.
V. Quliyev